"Bir gün müharibə bitəcək və biz birgə duet oxuyacağıq" - XALQ ARTİSTİ
    • 15-11-2019, 11:46
    • 814

"Bir gün müharibə bitəcək və biz birgə duet oxuyacağıq" - XALQ ARTİSTİ

"Bizimkilər "şou-biznes" sözünü eşidib, ona oxşar bir şey etmək istəyirlər”.

News24.az xəbər verir ki, bu sözləri İctimai Televiziyasında yayımlanan "3D" verilişində Xalq artisti Brilliant Dadaşova deyib.

Müğənni Azərbaycan şou-biznesiylə bağlı fikirlərini belə təqdim edib: "Bizimki kimisə ifşa etmək, biabır etmək, şər atmaq, özünü gündəmə gətirmək üçün böyük akulaya söz atmaqdır. Əslində, şou sənə gəlir gətirməlidir. Prodüsser konsertlər təşkil etməlidir. Düzdür, bizim ölkəmiz balaca olduğundan bir az çətindir. Çünki bizdə hər şey icra başçılarından asılıdır. Onlar da pul xərcləməyi xoşlamırlar. Müğənni hər rayonda konsertlər etməli, pul qazanmalıdır. Onda bu, qismən şou-biznesə yaxın bir şey sayılır. Şou-biznes bizdə ancaq toydan ibarətdir.Toy da olmasa, məndən gərək mahnılar gözləməyəsiniz. Toydan gələn gəlirlə klip çəkdirir və mahnılar yazdırıram. Əlbəttə vergi ödəyirəm. Əslində toya görə vergi ödəməli deyiləm. Bu, Türkiyədə əlavə iş adlanır. Yəni toy olanda vergi ödəyirlər. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da vergi ödəyirik. Bir vaxt mənə dedilər ki, 22 min pul gətirməlisən. Bu, 2015-ci ildə olmuşdu. Söylədim ki, o qədər pul qazanmamışam axı, o pulu necə gətirim? Dedilər ki, siz filan şadlıq sarayında 30 dəfə toyda olmusunuz. Halbuki mən o restoranı heç tanımırdım. Axırda audit danışıb, məsələni həll etdi”.

Xalq artisti həmçinin rüşvətxorlar haqda ifa elədiyi mahnısından danışıb: "Məndən rüşvət istəsələr, yaxşı olardı, heç olmasa işim düzələrdi. Məsələn, qohum-əqrabamda bir çoxları işsizdir. Bununla bağlı bir neçə yerə müraciət etmişəm. Bilirsiniz, oğlumu oxutdurmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı da oxudu, gələndən sonra onun üçün iş axtarmağa başladım. Bir neçə yerə müraciət etdim. Lakin heç kim məni qəbul etmədi, əlim heç kimə çatmadı".

Xalq artisti Brilliant Dadaşova bir müddət öncə Prezident İlham Əliyevə savadsız həkimlərlə bağlı etdiyi müraciətdən söz açıb: "Hər şey institutudan başlayır. Tibb universitetindəki müəllimlər yaxşı tələbələr yetişdirməlidirlər. Çünki yaxşı həkimlərə çox ehtiyacımız var. Həkimə ehtiyacım olanda ancaq qohumlarıma müraciət edirəm. İranda heç vaxt olmamışam, amma Türkiyənin tibbi yaxşıydı, indi isə bizimkilər oranı korladılar. Türkiyədəki həkimlər bizim pasiyentlərimizi pul kimi görürlər".

Söhbət zamanı müğənni erməni musiqiçinin ifasına xoş sözlər yazması haqda sualı cavablayıb:
"Əgər, "Tərəkəməni", "Uzun dərə"nı, "Vağzalı"nı kimsə ifa edirsə, mütləq ona nəsə yazıb bildirməliyəm ki, o musiqi bizimdir. Yazıram ki, "super tərəkəmə", "super ifa" olundu. Mahnının bizim olmasını sübut etmək mənasızdır. Daha vacib işlərimiz var. Bundan sonra istənilən musiqiçi mahnımızı yaxşı ifa etsə, mən ora "super" yazacam. Onun milləti mənim üçün maraqlı deyil. Musiqi ruhun qidasıdır. Ruhun milləti olmur. Yaxşı insan və pis insan var".

Xalq artisti "erməni müğənni sizə baxıb ilhamlanıb" sualına isə belə münasibət bildirib: 
"O, bəy müğənni Amerikada olanda mənə yaxınlaşdı. İfasında bütün milizmalarım var. Düzdür, mən ona qarşı mübahisəli reaksiya verdim amma ondan sevgi gördüm. Dedi, mən sənin səsini qulaq asa-asa müğənni olmuşam və arzu edirəm ki, bir gün müharibə bitəcək və biz birgə duet oxuyacağıq".

Sevda Bayramova