Bakıda ilk dəfə "World E-Commerce Forum Eurasia Baku 2019" Forumu keçirilir
    • 26-11-2019, 10:12
    • 972

Bakıda ilk dəfə "World E-Commerce Forum Eurasia Baku 2019" Forumu keçirilir

“StartupFest 2019” çərçivəsində “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbiri keçirilir.

News24.az xəbər verir ki, "MyBroker Gömrük Təmsilçiliyi" və "WORLDEF"in işbirliyi ilə həyata keçirilən tədbirin hədəfi Azərbaycanda yeni elektron ticarət qapısının açılmasını təmin etmək, Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startupların marağının artırılması və bu sahədə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir.

Tədbirdə elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılara və biznes subyektlərinə dünyada son tətbiqlər, trendlər və praktik həllər ilə bağlı şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat veriləcək.

Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "World E-Commerce Forum"unun başçısı Ömer Nart, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov, Millət vəkili Tahir Mirkişili iştirak edir.

 “StartupFest 2019”un əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir. Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Teymur Məmmədov