Dəfn mərasimləri ilə bağlı qaydalar DƏYİŞİR
    • 27-11-2019, 14:20
    • 1 672

Dəfn mərasimləri ilə bağlı qaydalar DƏYİŞİR

Yas mərasimlərinin tənzimlənməsi ilə bağlı müzakirələr indi də gedir. Biz bunun iki formasını müəyyənləşdirmişik. Bunlardan biri qanun qəbul etməklə bu sahədə tənzimlənməni həyata keçirmək, digəri isə təbliğat yoludur. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, təbliğ etmək yolu ilə bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur:
“Yəni, vəfat edənin kimliyindən asılı olmayaraq, onun zənginliyinə, kasıblığına fərq qoyulmadan yas mərasimləri keçirilməlidir. Bu məsələdə tanınmış ictimai-siyasi xadimlər, dövlət xadimləri, bir də milli qəhrəmanlar, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar istisnadır. Digər insanlar hamısı bərabərdir”.

S.Novruzov qeyd edib ki, Nazirlər Kabineti artıq nümunəvi qəbiristanlıqlarla bağlı qərar verib:
“Artıq bununla bağlı yerlər ayrılmaq üzrədir. Hər biri bərabər olacaq. Yenə də qeyd etmək istəyirəm ki, Fəxri Xiyaban və Şəhidlər Xiyabanında dəfn edilən şəxslər istisnadır ”.

Komitə sədri yas mərasimlərində israfçılığa yol verildiyini vurğulayb: "Biz istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlar bu məsələdə əziyyət çəkməsinlər”.