Atasının əlil arabasına məhkum etdiyi Gülmirənin dəhşətli HƏYAT HEKAYƏSİ -VİDEO
    • 3-12-2019, 17:46
    • 2 256

Atasının əlil arabasına məhkum etdiyi Gülmirənin dəhşətli HƏYAT HEKAYƏSİ -VİDEO

Bu, Gülmirədir. Yenə eyvandan boylanır, dərsə gedən yaşıdlarının arxasınca uzun-uzadı baxır. Bəlkə də ayaq açıb  məktəbə getmək, dostları ilə bir yerdə parta arxasında oturmaq arzusundadır. O da yaşıdları kimi həyətdə əylənmək, gəzmək, qaçmaq, oynamaq istəyir.
Əfsus ki, Gülmirənin bütün arzuları 8 il əvvəl həmin o dəhşətli gün puç olub. Gördüyü şiddət ucbatından xəyalları da, ümidləri də ürəyində qalıb...

AİLƏ DRAMI

Uzun illər əzab içində yaşayan 43 yaşlı Aynur Abdunovanın üç övladı - iki oğlu, bir qızı var. Əri və oğlanları tərəfindən atılan qadın əlil qızı Gülmirə ilə həyatın bütün çətinliklərinə illərdir ki, təkbaşına sinə gərməyə çalışır. Gülmirəni əlil arabasından düşürüb-çıxarmaq, digər tərəfdən də dolanışığın yükünü çiyinlərində daşımaq onu çıxılmaz vəziyyətə salıb.


News24.az-dan kömək istəyən bu ailəyə çəkiliş qrupumuzla baş çəkməyi qərara aldıq. Üz tutduğumuz qapının arxasında baş verənləri olduğu kimi sizə təqdim edirik: “Ağdamda doğulub böyümüşəm. Ailəmizdəki 7 övladın sonbeşiyi mənəm. Atamın sevimlisiydim. Nazla, məhəbbətlə böyümüşəm.  Çox mehriban ailəmiz var idi. Nə biləydim ki, məni belə “sürprizlər” gözləyir... Ailə quranda 19 yaşım vardı. Qardaşımın dostu idi, bir-birimizi bəyənib evləndik. Əvvəldən onların bizə qohumluğu da çatırdı. İlk vaxtlar Vüqarla çox xoşbəxt idik. Elə mehriban yaşayırdıq ki... Hər şey ilk övladıma hamilə olandan sonra başladı...”.  



Sevdiyi adamın birdən-birə dəyişməsi Aynuru çox sarsıdır: “Uşaga qalandan sonra Vüqarın üzü döndü. Mənə düşmən kəsildi. Hər gün evdə söz-söhbət, dava-dalaş başladı. Qayınanamgillə bir yerdə yaşayırdıq. Evdə hamı mənə düşmən kəsilmişdi. Hər xırda şeyə görə döyülürdüm. Günlərlə ac qalırdım. Hamilə idim deyə, yeməyin, təndirdəki çörəyin qoxusunu canım çəkərdi. Amma verməzdilər. Təndirə çörək yapırdılar, qoxusu həyəri bürüyürdü. Onlar görməyəndə xəlvət çörəyi əlimə alıb iyləyirdim.  

Hamilə vəziyyətdə vedrələrlə su daşıtdırırdılar. Həm ev, həm çöl işlərini görürdüm. Əynimə-başıma heç nə almazdılar.  Baldızımın nimdaş paltarlarını geyinirdim. Vüqar əlinə keçən pulları əxlaqsız qadınlara xərcləyirdi.  Hər dəfə də ora gedib-gələndən sonra məni döyürdü.
Aynurun sözlərinə görə, 7 il Vüqarın valideynləri ilə yaşadığı müddətdə dişiylə-dırnağıyla əlləşib kənarda ev qurub. Ümid edib ki, hər şey bundan sonra daha yaxşı olacaq. Amma hər şey gözlədiyinin tam  əksi olur: “Çox əziyyətlər çəkdim. O evin tikilməsinə canımı qoydum, fəhlə kimi daş daşıdım. Uzun müddət orda şəraitsiz vəziyyətdə yaşadım. Buzu yarıb paltar suya çəkirdim. Ağır ot bağlamaları daşıyırdım. Hər şeyə dözürdüm, çünki yoldaşımı sevib evlənmişdim. Elə bilirdim həyatda ondan başqa heç kimim yoxdur. Amma indi dişimlə-dırnağımla qurduğum o ev özgə qadının isti yuvası olub...

“Siqareti çəkib qollarıma damğa basırdı...”

Yaşadıqlarımın bədəli çox ağır oldu. İlk övladım bətnimdə tələf oldu. Neçə ildən sonra  Gülmirə dünyaya gəldi. Bundan sonra da həyatım lap zindana döndü. Yanına getdiyi qadınlara görə gəlib hər gün məni vəhşicəsinə döyürdü. Siqareti çəkib qollarıma damğa basırdı, qaynar çayı üzümə çırpırdı. Bir dəfə də sifətimə elə zərblə vurdu ki, almacıq sümüyüm qırıldı. O qırıqların yeri hələ də qalır. Bərdədə “Çənlibel” adlı yer var, hamı bilir ki, ora  əxlaqsızlar yuvasıdır. Hər gün ora gedirdi. Səhərə yaxın evə gəlirdi. Deyəndə ki, niyə gec gəlirsən, dava salırdı. Bir dəfə də böyrəyimə təpiklə elə vurdu ki,  ayağım tutuldu,  20 gün xəstəxanada yatdım, ailəm belə bilmədi”.

Balalarım qapının açar yerindən baxıb “ana” deyə ağlayırdıirdi

Aynur deyir ki, ərinin məqsədi onu əxlaqsız kimi tanıtdırıb analıq hüququndan məhrum etmək olub: “Məni evdən  qovurdu ki, pis yola düşüm. Gedəsi yerim yox idi deyə,  həyətdə ayaqyolunda otururdum.
Uşaqlarım qapının açar yerindən baxıb arxamca  ağlaşırdılar... O günləri heç vaxt unutmaram...
Bu azmış kimi, kənddə camaatın içində haqqımda nalayiq sözlər danışırdı. Halbuki o, özü də yaxşı bilirdi ki, mən həmin  rəftara, söhbətlərə layiq olmamışam. Ona həyat yoldaşı kimi yox, ana balasına baxan kimi baxmışam...

Bakıya köçməklərinin səbəbini isə Aynur sonradan öyrənir: “2012-ci ildən bildim ki, Bakıya köçməyimizin səbəbi də görüşdüyü qadınlardır. Bundan sonra münasibətimiz tamam pisləşdi. Övladlarımın üçünün də psixologiyası pozulmuşdu. Qorxularından yorğanın altına girib gizlənirdilər.  “Bizi döyəcək” deyə stress keçirirdilər.


Bu hadisədən iki gün sonra Gülmirə iflic oldu...  

Evdəki söz-söhbətlərin, qalmaqalların bədəlini isə ailənin 8-ci sinifdə oxuyan qızı – Gülmirə canı ilə ödəyib:

“Vüqar uzun illər məni valideynlərim, ailəmlə görüşməyə qoymurdu. Yalnız bir dəfə bacım bizə gəldi, o zaman Vüqar onu evdən qovdu. Onu açığını qızımdan çıxardı. Uşaq xalası ilə görüşdüyünə görə onun boynunun arxasından zərblə vurdu. Uşaq yerə yıxıldı. Ürəyi soyumadı, uşağa ağır söyüşlər söydü. Sonra onu həyətdəki itin damını təmizləməyə məcbur elədi. Qızım yağışın altında əli-ayağı suyun içində itin damını təmizlədi. Qardaşı ona kömək eləmək istəyəndə onun sifətinə elə şillə vurdu ki, üzündə beş barmağın izi qaldı.
Bu da bəs deyil, Gülmirəni əyni - başı suyun içində məcbur elədi həyəti belləsin. Ağlaya-ağlaya yalvardım, əyilib ayaqlarından öpdüm ki, uşağı “cəzalandırmasın”. Birtəhər Gülmirənin evə gəlməsinə razı saldım. Uşağı gətirdim, suyun içində idi, başını dəsmala bükdüm, yatağa saldım ki, canı qızışsın. Uşaq qorxudan titrəyirdi. Həmin hadisədən iki gün sonra Gülmirənin ayaqları tutuldu... Sən demə, immunitet aşağı düşüb, onurğasında problem yaranıb, xəbərimiz olmayıb. Məktəbdən qayıdanda yeriyə bilməyib, sürünə-sürünə evə gəlib çıxıb. Gülmirə iflic olandan sonra Vüqar məni vəhçicəsinə elə vurdu ki, gözüm tutuldu. O hadisədən sonra oğluma dedi ki, apar bunları atasının evinə”.
Aynur o gündən sonra həkim, xəstəxana qapılarında qalıb: “Gülmirənin ayağı tutulandan bu yana qapısını döymədiyim həkim qalmayıb. Balama  “melit” diaqnozu qoyublar. Ayağa qalxması üçün isə çoxlu pul lazımdır. Ayaqları tutulandan sonra oturacağında yara əmələ gəlib,  bunun da müalicəsi bir yandan. Mən Gülmirəni belə vəziyyətdə qoyub işləyə bilmirəm. Uşağıma əlilliyinə görə cəmi 250 manat pensiya verilir, 150 manat da aliment ödənir. İndi atası məhkəmələrə müraciət edib ki, bu uşaq onsuz da yeriməyəcək, ona ödədiyim məbləği əlli manata endirin.  Halbuki 0 150 manat heç Gülmirənin dava-dərmanının yarısına çatmır. Gülmirənin müalicəsi üçün pensiya kartını girov qoyub min manat borc pul götürdüm. Onu güclə ödəyirəm. Mən uşağıma pampers alıb çatdıra bilmədiyim üçün qızım bütün günü katetrə qoşulu olur. Bilmirəm, pulu dolanışığa verim, dava-dərmana verim,  yoxsa pamperslə, katetrə...  Gəlir yerim yoxdur.  Gülmirənin atası indi çalışır ki, yaşadığımız evi də əlimizdən alsın. Məni əxlaqsız qadın kimi tanıtdırmaq üçün əliundən gələni eləyir. Nömrələrimi “odnoklasnik”də yayıb,  adıma saxta profil açıb əxlaqsız şəkillər yerləşdirib. Hər gün mənə müxtəlif nömrələrdən zənglər gəlir. Çalışır ki, bu yolla adımı ləkələyib analıq hüququndan məhrum eləsin”.

“O kəlmə balamın belini qırdı...”

Müsahibim deyir ki, Gülmirə ayaqları tutulandan sonra daha bir zərbəni yaşadıqları evdən ayrılanda alıb: “Bizi evdən qovanda atası Gülmirəyə çox ağır söz dedi. Dedi ki, əgər ananla gedirsənsə, o zaman dayına arvadlıq edərsən... O kəlmə balamın belini qırdı. Həmin gündən sonra Gülmirə özünə qapandı, neçə gün heç nə yemədi. Biz ayrılanda oğlanlarımı bizimlə gəlməyə qoymadı. Bizi anamgilə aparanda Emil dedi - “mama, fikir eləmə, hər gün gəlib sizə baş çəkəcəm, səni atmayacam”. Amma uşaqlarımı məndən soyutdular...”



Söhbət boyu Gülmirənin bəzən çox susqun olması, suallarımıza qısa, həm də qəribə bir gülüşlə cavab verməsi diqqətimizdən yayınmadı.  Aydın hiss olundu ki, o, yaşadıqlarını ətrafındakılarla yox, içindəki Gülmirə ilə paylaşır. Danışdıqlarında isə sözünün əvvəli də, sonu da qardaşları oldu: “Qardaşlarım üçün çox darıxıram. Onların yanımda olmasını istəyirəm. Hər dəfə məhkəmədə balaca qardaşımı görürəm, istəyirəm gedib onu qucaqlayım. Amma onların heç biri  atamın qorxusundan mənə yaxınlaşmır... Bəzən həyətə çıxıram, mənim yaşımda olan qızlara baxıram, istəyirəm ayağa qalxıb onlara qoşulum. Həyətə düşəndə elə bilirəm hamı mənə yazıq kimi baxır. Bax, onda hər şeydən, hamıdan küsürəm. Bu mühitdən, hər kəsdən uzaqlaşdırmağa çalışıram”.

“Atam məni görəndə əsəbləşib anamı döyürdü”

Bəlkə də Gülmirə həyata keçməyən arzularına qapandığı dünyasında çatır: “Oxuya bilmədiyim illəri yenidən oxumaq istərdim. 9, 10, 11-ci sinifdə oxuya bilmədim, məktəbə gedə bilmədim. Düzdür, müəllimlər bir müddət evə gəldi. Amma sonra mən də razı olmadım. Çünki istəmirdim məni bu vəziyyətdə -katetrlə gəzən görsünlər. Amma İnstitutda oxumağı çox istəyərdim. Uşaq vaxtı həkim olmağı arzulayırdım... “
Hər şeyə rəğmən Gülmirə ayağının tutulmasında heç kimi suçlamır: “Atamla anam tez-tez dalaşırdılar, bir dəfə anamın saçından sürüdü, onda özümə ölüm arzuladım... Rayonda olanda da yuxudan anamın səsinə oyanmışdım. Anamı döyürdü, onda da saçından sürümüşdü. Atam məni görəndə əsəbləşirdi, anamı döyürdü... Yorğanı başıma çəkirdim, ağlaya-ağlaya  Allaha yalvarırdım ki, məni öldürsün. Bəlkə də dediklərim Allaha xoş getmədi... Hər dəfə onlar dalaşırdılar, sakitləşirdilər, mən fikrimi dağıtmağa çalışırdım, yuxu görürdüm. Gördüm ki, göydən kimsə məminlə danışır, “ağlama, hər şey yaxşı olacaq”- deyirdi. İndi də çətinə düşəndə, Allahı yuxuda görürəm. Mənimçün həyatı həm qara, həm də ağ rəngdədir. Amma həyatımda qaralar daha çoxdur. Elə ki, fikrimi yayındırıram, hər yer ağ rəngdə olur,  amma keçmiş yadıma düşən kimi hər tərəf zülmət dönür. Qardaşlarımla keçirdiyimiz xoş günlər, ailəmizin yaxşı günlərini xatırlayıb, özümü o fikirlərdən uzaqlaşdırıram. Çünki həkimlər mənə keçmişi xatırlamaq olmaz” deyirlər.    

“Balamın ayağa qalxmasına kömək edin”



Aynurunsa indi iki arzusu var, Gülmirəni ayağa qaldırmaq, bir də oğlanlarını yanında görmək.
Övladının ayağa qalxması üçün o, yalnız bir ümid qapısı tanıyır. Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva: “ Dəyərli prezidentim, mərhəmətli Mehriban xanım, balamın ayağa qalxmasına yardım edin. Valideyn olaraq sizin mənim nə əziyyət çəkdiyimi gözəl analayacağınıza əminəm. Təkəm, onun müalicəsinə gücüm çatmır. Yalnız sizə güvənirəm. Balamın ayağı qalxmasını, bir də övladlarımın yanımda olmasına yardım edin”.

“Gülmirənin gözünü yolda qoymayın”

Aynur söhbət zamanı oğlanlarına da səsləndi: “Emin, Elmir, mənim də, bacınızın da sizə ehtiyacı var. Sizə yalvarıram, Gülmirənin gözünü yolda qoymayın. Bizi tək buraxmayın. Ən böyük arzum odur ki, sizi bağrıma basıb qoxlayım”.

Son olaraq onu da qeyd edək ki, bütün deyilənlərlə bağlı  Gülmirənin atası Vüqar Abdunovu da dinlədik. O, hazırda başqa bir qadınla ailə qurduğunu və ondan bir oğlu olduğunu dedi. Amma haqqında deyilən heç bir ittihamı qəbul etmədi: “Mən də istəyərəm oğlanlarım onlarla yaşasın,  həmin evi də onlara bağışlayaram. Amma şərtim var. Bir şərtlə, hər iki tərəf imza atsın ki, daha məhkəmələr olmasın və məndən heç nə tələb olunmasın. Qızımın müalicəsinə gəlincə isə deyim ki, hər ay 150 manat ödəyirəm, amma bundan artıq verə bilmirəm, çünki səhhətimdə problemlər var, imkanım çatmır”.


Bu danışılanlara son olaraq onu deyək ki, Gülmirənin valideynlərinin hansının haqlı, hasının haqsız olduğu haqda fikir bildirməyəcəyik. Bu, bizə düşməz. Bu ailə dramında kimin günahlı, kimin günahsız olduğunu bir Allah, bir də özləri bilir. Bildiyimiz odur ki, qadına şiddətin, təzyiqin bəıdəlini 22 yaşlı Gülmirə canıyla ödəyir.
“Liatris Holding” və News24.az bu gənc qıza əlindən gəldiyi qədər maddi və mənəvi dəstək göstərib və göstərəcək. Amma Gülmirənin onu sevən insanların göstərdiyi qayğıdan daha çox qardaşlarının sevgisinə ehtiyacı var.

Gülmirə müalicələrdən keçir...



Şahid olduğumuz bu ailə dramından sonra çarəsiz qalan anaya və əlil arabasına məhkum Gülmirənin səsinə Liatris Holding səs verdi. Onlara yardım etmək, Gülmirənin ayağa qalxması üçün müayinə və müalicələrə dəstək olmağa qərar verdik. Bunun üçün ilk olaraq psixoloq Xatirə Səfərovayla görüşdük, o, həm ananı, həm də Gülmirəni psixoloji testlərdən keçirdi. Nəticə olaraq psixoloq hər ikisinin fiziki və psixi zorakılığa məruz qaldıqlarını bildirdi. Daha sonra nevropotoloqa üz tutduq. Qeyd edək ki, bəzi klinikaların həkimləri pasiyentlərin müayinə və müalicəsinin layihə çərçivəsində aparılmasından xəbərdar olan kimi onları qəbul etməkdən boyun qaçırdılar. Bəziləri isə çəkiliş aparmağımıza etiraz etdilər. Qapısını döydüyümüz nevropotoloq da adının açıqlanmasını istəmədi, amma Gülmirəni ciddi müayinə etdi və onun nevroloji müalicəyə ehtiyacı olmadığı qənaətinə gəldi. Daha sonra cərrahi müayinələr üçün “Avrasiya” Hospitalına yollandıq. Cərrahların tövsiyəsi ilə pasiyentin bədənindəki yara mayinə olundu və qan təhlilləri, MRT diaqnostikası aparıldı. Həmin nəticələrlə Bubnovski Onurğa Mərkəzində kineziterapevt Ravil Şerxanovun qəbulunda olduq. Şerxanovun diaqnozu ürəkaçan olmasa da, müayinələri davam etdirdik. Bu dəfə həkimlərin tövsiyəsi ilə boyun, döş qəfəsinin MRT–si aparıldı. Müayinələr “Avrasiya” Hospitalında daha bir cərrahın qəbulu ilə yekunlaşdı. Bu dəfə İrandan vaxtaşırı ölkəmizə gəlib müalicə və müayinələr aparan nevropotoloq Gülmirə ilə bağlı qənaətini paylaşdı. İranlı cərrah Bubnovski adına Onurğa Mərkəzindəki həmkarının fikirlərinin əksini - Gülmirənin gəzmək, ayağa qalxmaq şansı olduğunu dedi: Həkimin ümidverici diaqnozu həm ananı, həm də bizi kövrəltdi...



Müayinələrdən sonra Gülmirənin bədənindəki açıq yaranın əməliyyatsız sağalması üçün müalicəyə başlanıldı.

Son olaraq onu demək istəyirik ki, Gülmirənin müalicəsi burda bitmir. Onun həm ayağa qalxması üçün, həm də həyata daha sıx sarılması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bir sözlə, Gülmirənin əlini buraxmayacağıq.

Hazırladı: Afaq Mirayiq
Foto-Video: Fərid Şabanov, Adil Ağayev