Yeni şəxsiyyət vəsiqələrinin maraqlı xüsusiyyətləri
    • 30-08-2018, 17:23
    • 1 623

Yeni şəxsiyyət vəsiqələrinin maraqlı xüsusiyyətləri

Elektron xidmətlər üzrə mütəxəssis Osman Gündüzün statusunda maraqlı informasiyalar və şərh yer alıb. Onu oxucularımıza və izləyicilərimizə təqdim edirik:
“Düşünürəm ki, kifayət qədər əhəmiyyətli bir hadisədir. Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) də olacaq və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil ediləcək. Bu isə ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə elektron hökumət quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına xeyli müsbət təsir göstərəcək. Eyni zamanda məlumdur ki hazırda, ümumiyyətlə elektron imza sahəsində ölkədə rəqabətli mühit yoxdur. Məhz bu baxımdan da, ASAN imzanın operatoru mobil operatorlarla separat sövdələşmə apararq ASAN imzanın aylıq abunə haqlarını bu aydan etibarən əsassız olaraq 150% qaldırlıb. Fikrimcə, vəsiqələrdəki elektron imza da bu sahədəki vəziyyətin dəyişməsinə müsbət təsir göstərəcək. Yeni şəxsiyyət vəsiqələri ilə bağlı Prezidentin 5 il öncə verdiyi Fərman var. Həmin Fərmanla təsdiqlənən Əsasnaməyə görə şəxsiyyət vəsiqəsinin verilməsi və məlumatların elektron daşıyıcısına daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi ilə bağlı yeni Qaydalar müəyyən olunub. Maraqlıdır ki vəsiqələrin verilməsi ilə bağlı tarix bir neçə dəfə dəyişdirilib.
Təxminən 9 dövlət qurumu yeni nəsil vəsiqələrin verilməsi prosesində iştirak edəcək. Təbii, bu prosesdə hər bir qurumun da öz səlahiyyətləri var. Güman ki, elə özəl maraqları olanlar da var. Məsələn, xatırlayıram ki, bu şəxsiyyət vəsiqələrində vətəndaşın elektron imzası ilə bağlı məsələni də DİN öz üzərinə götürmək istəyirdi. Lakin sonradan bu səlahiyyət Prezident Fərmanı ilə NRYTN- ə verildi. Artıq bütün hazırlıq proseslərinin başa çatdığı bildirilir. Vəsiqələr DİN-in şəxsiyyət vəsiqəsi verən yerli orqanları və ASAN Xidmət Mərkəzləri tərəfindən veriləcək”.

Yeni vəsiqələrlə bağlı yeni dövlət rüsumu müəyyən olunmayıb. Güman ki elə köhnə rüsum qüvvədə qalacaq. Köhnə rüsum isə belədir :
on gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat;
üç iş günü – 25 manat;
bir iş günü – 35 manat.
Bu rüsuma vətəndaşın elektron imzası ilə bağlı xərclər daxil olmayacaq.
Qaydalara görə vəsiqədəki elektron imza ilkin vəziyyətdə aktiv olmayacaq. Bunu vətəndaşlar öz arzusu ilə vəsiqəni alarkən və ya sonradan NRYTN sertikasiya mərkəzinə müraciət etməklə aktiv edə bilıəcəklər. İstəməyən də etməyəcək.
Bunun üçün vətəndaşın ödəməli olduğu vəsait də hələlik açıqlanmayıb. Qaydalara görə bu rüsumun 25 faizi NRYTN Sertifikat Xidmətləri Mərkəzinin hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.
Əgər gələcəkdə hansısa ölkələrlə şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması olarsa vətəndaşlar yalnız bu tip ölkələrə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər”.