Koreya Azərbaycana 1,2 milyon ABŞ dolları səviyyəsində dəstək göstərib
    • 11-12-2019, 12:00
    • 839

Koreya Azərbaycana 1,2 milyon ABŞ dolları səviyyəsində dəstək göstərib

"Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə də 2003-cü ildən başlayaraq böyük iqtisadi inkişaf yolu keçib. Bu illər ərzində ölkə iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft, qaz sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 3 dəfə artıb".

News24.az xəbər verir ki, bunu Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsinin birgə konfrasında çıxışı zamanı Komitə sədri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə bir sıra dövlətlərlə əməkdaşlıq çərçivəsində əhəmiyyətli layihələr həyata keçirilib:"Qazanılan nailiyyətlərin dayanıqlılığını təmin etmək üçün, dünyada baş verən qlobal siyasi, iqtisadi, sosial proseslər fonunda çevik qərarların qəbul edilməsi və onların icra vəziyyətinin qiymətləndirilməsi üçün adekvat informasiya təminatının təşkili zərurəti, statistika sisteminin qarşısında da yeni çağırışlar, tələblər qoyub".

Komitə sədri onu da əlavə edib ki, Azərbaycan BMT-nin təsdiq etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bununla bağlı ölkədə bir sıra tədbirlər həyata keçirilir:" Eyni zamanda Strateji Yol Xəritəsindəki hədəflərə çatmaq üçün bir sıra məsələlərdə statistik informasiya dəstəyinin göstərilməsi də xüsusi önəm daşıyır. Bununla əlaqədar Dövlət Statistika Komitəsi tərəfindən sistemli islahatlar həyata keçirilir. 2015-ci ildən başlayaraq ölkədə milli Statistika sisteminin inkişafı üçün çox böyük işlər görülüb. Dövlət başçısının tapşırığı ilə ən böyük məqsəd milli Statistika sisteminin beynəlxalq standartlara çatdırılması və ən əsası Avropa standartlarına çatdırılması istiqamətində qoyulan vəzifələrdir. Bununla bağlı Dövlət Statistika Komitəsinin müraciəti əsasında 2016-2017-ci illər ərzində müxtəlif qurumlar, o cümlədən BMT-nin Statistika Komissiyası, Avropa Statistika Komissiyası və bir sıra beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda milli Statistika sisteminin auditi keçirilib. Beynəlxalq auditlə 6 ay davam edən proses nəticəsində hesabat hazırlanıb. O hesabatda Azərbaycanın milli Statistika sisteminin mövcud vəziyyəti və inkişaf etdirilməli olan sahələr müəyyən edilib. Bu səviyyədə ölkə qarşısında milli Statistika sistemimizin ümumilikdə Avropa standartlarına uyğun olduğu rəsmən təsdiq edilib".

T.Budaqov qeyd edir ki, Dövlət Statistika Komitəsi müxtəlif ölkələrlə əməkdaşlıq aparıb:"Beynəlxalq təşkilatlarda ən əsas partnyorlarımızdan biri "Avrastat"dır. Artıq Avropa İttifaqı ilə 3-cü layihəmizi həyata keçiririk. Layihənin adı "Azərbaycanın milli Statistika sisteminin Avropa standartlarına çatdırılması" adlanır. Bu istiqamətdə həyata keçirilən üçüncü layihəmiz başa çatmaq üzrədir. Gələn ilin yanvar ayında bununla bağlı böyük konfrasın keçirilməsi nəzərdə tutulub. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın milli Statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində çox önəmli addımlar atılıb.

Dövlət Statistika Komitəsində strukturunda çox ciddi dəyişikliklər həyata keçirilib. Komitənin nəzdində Statistik İnnovasiyalar və Elmi Tədqiqat mərkəzi yaradılıb. Həmin mərkəzin fəaliyyəti nəticəsində Statistika sahəsində innovativ yanaşmaların tətbiqi istiqamətində elmi tədqiqat işləri aparılıb və praktiki tövsiyələr verilib.

Milli Statistika sistemində keyfiyyət standartlarının tətbiqinə uğurla start verilib. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi rəsmi statistika proseslərinin istehsalında xüsusi önəm daşıyır. Görülən tədbirlər nəticəsində elektron statistik hesabatlılıq səviyyəsi respublika üzrə 95 faizi ötüb. Düşünürəm ki, yaxın zamanlarda 100 faizlik nəticəyə nail olacayıq".

T.Budaqov bildirib ki, Koreya Statistika Komitəsi ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır:

"Biz artıq 2 layihə həyata keçirmişik. 2018-ci ildə həyata keçirilən Azərbaycanın Statistika potensialının gücləndirilməsi layihəsi çərçivəsində ölkəmizdə ilk dəfə olaraq müasir standartlara cavab verən Statistik məlumatların yayım sistemi tətbiq edilib. Bu sistem artıq istifadəçilərə təqdim edilib. 2019-cu ildə Azərbaycanda həyata keçirilən statistik kadr potensialının inkişafı üçün 35 nəfər Koreyada təlimlərə cəlb edilib.

T.Budaqov bildirib ki, ümumilikdə Azərbaycan və Koreya Statistika Komitələri arasında həyata keçirilən layihələr üçün Koreya tərəfindən Azərbaycana 1,2 milyon ABŞ dolları səviyyəsində dəstək göstərilib:

"Eyni zamanda Koreya ilə Azərbaycan Statistika Komitələri arasında yeni əməkdaşlıq sazişinin imzalanması da nəzərdə tutulur".

Afaq Mirayiq