Ötən gün yol qəzalarında 4 nəfər öldü - DİN - VİDEO
    • 11-12-2019, 12:12
    • 937

Ötən gün yol qəzalarında 4 nəfər öldü - DİN - VİDEO

Ötən gün respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini Təbriz Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurub. Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Binəqədi rayonunda qeydə alınan daha bir yol nəqliyyat hadisəsi zamanı da piyada dünyasını dəyişib. Dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində orada yaşayan Adil Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Baş vermiş hər iki qəza ilə bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Dekabrın 10-da daha bir ağır yol nəqliyyat hadisəsi saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Hadisə zamanı qəsəbə sakini Ağarəfi Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.
Qəza ilə bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.