"Növbəti ildən doktoranturaya qəbul yeni əsasla həyata keçiriləcək" - NAZİR
    • 16-12-2019, 18:04
    • 677

"Növbəti ildən doktoranturaya qəbul yeni əsasla həyata keçiriləcək" - NAZİR

"Növbəti ildən doktoranturaya qəbul yeni əsasla həyata keçiriləcək".

News24.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, əsas dəyişiklik beynəlxalq səviyyədə qəbul olunmuş imtahanların və yaxud da mərkəzləşmiş formada xarici dil imtahanının nəticəsinin ilkin mərhələdə nəzərə alınmasıdır: "Hesab edirik ki, XXI əsrdə ciddi doktorantura təhsilindən danışırıqsa, mütləq şəkildə gənc tədqiqatçıların beynəlxalq, qlobal dillərdən hansısa birini peşəkar formada bilməsi vacib və zəruri şərt kimi ortaya qoyulmalıdır. Bu, artıq zamanı yetişmiş qərar idi. Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə qəbul olunmuş tələbələr vasitəsilə görəcəyik".

Nazir bildirib ki, ali təhsil müəssisələrinin daxilində tədris prosesinin məzmununun yenilənməsi, zamanın dəyişikliklərinə və trendlərinə uyğun olaraq buna yenidən baxılması olduqca vacib amillərdir: "Bu istiqamətdə atılan bir sıra addımların icrası artıq ali təhsil müəssisələrinin professor və pedaqoji heyətindən asılıdır".

C. Bayramov bildirib ki, 2019-cu ilin fevralında bakalavriat və magistratura səviyyəsi üzrə ixtisasların yeni təsnifatı təsdiq edilib: "Bu il ərzində təsnifata uyğun olaraq yeni proqramların və məzmunun hazırlanması ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Uzun müddət idi həmin proqramların yenilənməsi nəzərdə tutulmuşdu. Bunun nəticəsində 2020-2021-ci ildən başlayaraq həmin təsnifata əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu həyata keçiriləcək. Düşünürəm ki, vaxtdan çox səmərəli istifadə etməli, bu müddət ərzində proqramlarda təhsilin məzmununa çox ciddi baxmalıyıq. Məzmun müasirləşdirilməli və zamanın, əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Dünyada beynəlxalq rəqabətli məzunlar yetişdirmək üçün bu istiqamətə xüsusi diqqət yetirməliyik".