Zəhərli qatil: boğulmaların səbəbi qazın tərkibi, yoxsa məsuliyyətsizlik?
    • 17-12-2019, 18:03
    • 1 872

Zəhərli qatil: boğulmaların səbəbi qazın tərkibi, yoxsa məsuliyyətsizlik?

Son vaxtlar dəm qazından boğulma və zəhərlənmələrin artması insanların təşvişinə səbəb olub. Dünən Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yaşayan 1953-cü il təvəllüdlü Əminə Mirzəzadə və nəvəsi 2003-cü il təvəllüdlü Əminə Mirzəzadənin hamamda dəm qazından boğularaq ölməsi xəbəri hər kəsi məyus edib.

News24.az-a danışan Binəqədi rayon sakini, 9-cu sinif şagirdi Aygün Əliyeva da ötən həftə dəm qazından zəhərləndiyini bildirib. O hadisəni belə şərh edir: “Halım pisləşdi, sonra heç nəyi xatırlamıram, gözümü açanda xəstəxanada idim. Düzünü desəm, bizim hamamın qapısında dəliklər də var, böyük nəfəslik də var, niyə belə hadisə baş verdi, anlamıram”. 
Dəm qazı səbəbindən tez-tez baş verən bu zəhərlənmələr müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Bildirilir ki, evlərə verilən qazın tərkibinə zərərli maddələr əlavə olunur.

Deyilənlərin əsasının olub-olmadığını bilmək, bu və digər suallara aydınlıq gətirmək üçün ötrü ilk olaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayevlə danışdıq. 

Onun sözlərinə görə, evlərdə qaz iişlədicilərinin quraşdırılması ilə bağlı təlimatlara əməl edilməlidir: “Deyirsiniz ki, qapıda dəlik də var, nəfəslik də. Amma zəhərlənmə yenə də baş verir. Bəs, o evdə qaz işlədixiləri standarta uyğundurmu? İikincisi, həmin qaz cihazı istismar müddətini başa vurubmu, texniki qulluq göstərilibmi? Üçüncüsü, tüstü bacası işləyir, ya yox? Orda yanma nəticəsində əmələ gələn qaz xaric olunurmu, eyni zamanda, işlədiciyə daxil olan boruda çat varmı? Bütün bunların hamısı yoxlanmalı, dəqiqləşdirilməlidir. Vanna otağında qapıda dəliyin və nəfəsliyin olması yetərli deyil. Bunların hər biri nəzərə alınmalıdır”. 

E.Babayev qaz işlədiciləri standartları ilə bağlı izahat da verib: “Vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, qaz cihazları alarkən hökmən uyğunluq sertifikatının olub-olmadığına diqqət etsinlər. Mütləq istifadə təlimatı olmalıdır və onun quraşdırılmasını yalnız peşəkarlara etibar etməlidir. Bəzən insanlar qaz işlədiciləri aldıqları obyektin satıcını onu quraşdırmağa çağırırlar. Bu, doğru deyil. Bu işi peşəkarlığına bələd olmadıqları insana həvalə etməməlidirlər. Bununla bağlı həm internet resurslarından istifadə etmək olar, həm də Azəriqaz İB-yə müraciət edə bilərlər”.

Şöbə rəisi qazdan boğulmaların bir çox hallarda insanların məsuliyyətsizliyi üzündən baş verdiyini də qeyd edib: “Həm vətəndaş, həm də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi insanların dəm qazı nəticəsində zəhərlənməsi, əksər hallarda bunun ölümlə sonuclanması məni də çox narahat edir. Çox məyusam ki, dövlət, hökumət orqanları tərəfindən, eləcə də qəzet, sayt, radio, TV-lər vasitəsilə bu qədər maarifləndirmə tədbirləri həyata keçirilməsinə, reklam lövlərinin üzərinə təlimatlar yazıb qoyulmasına rəğmən, insanlar deyilənlərə əməl etmir, təhlükəsizlik tədbirlərinə biganə yanaşırlar. Kimin hamamında su qızdırıcısı varsa, tüstü bacasınını yoxlanılmasını sadə üsulla edə bilər. Kibriti işləmə kamerasının yaxınlığında yandırmaqla, kiçik talaşa parçasını yandırıb-söndürməklə, ondan ayrılan tüstünün bacadan xaric olub -olunmadığını yoxlaya bilər. Dəm qazı təhlükəsinin olub-olmamasını hər bir vətəndaş bu üsulla öyrənə bilər. Əgər təhlükə şübhəsi varsa, FHN-nin 112 qaynar xəttinə zəng vursunlar. Amma bunu etmirlər. Bu qədərmi insanlar öz həyatlarına laqeyddirlər?”.


Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov da qazın tərkibi ilə bağlı deyilənləri əsassız sayır: “Qazın tərkibi ilə bağlı QOST-5542 2014 adlandırılan bir standart var. Bu tərkib 10 elementdən ibarətdir. İstilikvermə qabiliyyəti, karbon, oksigen, mexaniki qarışıqların hamısı o standartda öz əksini tapır. Bu standart daimi gözlənilir. Deyirlər, qəsdən zərərli maddələr vurulur, bu, heç vaxt ola bilməz. Kim öz abonentinin qəsdinə durar?... Əgər qazın tərkibində hər hansı toksiki maddə olsaydı, onda bir mənzildəkilər yox, bütün binadakı, kənddəki insanlar zəhərlənərdi”. 

C.Səfərov onu da əlavə edib ki, Neft-qaz Elmi Tədqiqat Layihə İnstitutu hər ay qaz alınan mənbədən analizlər götürür:”Analizlərin cavabları xüsusi sertifikatlaşdırlır. Onların da bir nüsxəsi “Azəriqaz”a göndərilir. Əgər orda qazın tərkibində hər hansı qüsur olsaydı, dərhal məlumat verilərdi. Yəni qazın tərkibinə zərərli maddələrin vuruluması iddiaları əsassızdır”.


“Kim harda istəyir, qızdırıcı quraşdırır”


Ekspert Nüsrət Qasımov bildiri ki, insanların hamamda zəhərlənmələrinə səbəb qazdan düzgün istifadə edilməməsidir: “Vanna otaqlarında yanan qaz cihazları yoxlanmalıdır. Əllə, qaynaq yolu ilə düzəldilən “kalonkalar”da tüstü bacası olur.  5,9-20 mərtəbəli evlərdə o tüstü bacası divarin içi ilə yuxarı gedir, amma o birilərdə dəmir borular düzəldirlər, küçəyə çıxarırlar. Su qızdırıcılarının təlimatında yazılıb ki, 4 aydan bir tüstü bacaları təmizlənməlidir. “Ceyran” sobası, Rusiya istehsalı olan sobalar, kərpic, divar sobası -bunlar ildə bir dəfə mövsüm qabağı təmizlənməlidir. Mən 30-40 ildir bu tüstü bacaların yoxlanıldığını görməmişəm. Burdan çıxan dəm qazı havaya çıxmaq əvəzinə vanna otağına dolur. Bu da ölümə səbəb olur. Vanna otağının qapısında aşağıda 2.5 sm ölçüdə dəliklər, təbii işıq mənbəyi, nəfəslik olmalıdır. Ancaq bizdə kim harda istəyir qızdırıcı quraşdırır, mütəxəssislərdən də soruşmur. Hamamın həcmi 7.5 kub metr, hündürlüyü 2 metr 20 sm olmalıdır. Tüstü bacası damdan yarım metr hündürə qoyulmalıdır. Bakı küləklər şəhəridir, külək qazı yanma məhsulları təmizlənməyən bacaların, “kalonka”ların içinə  doldurur. Ölüm hadisələri də bu zaman baş verir. Bu parametrləri, standartları gözləməyəndə faciələr yaranır. İnsanlar sonra da “qaz zəhərlidir” və ya “qaza zəhər qatırlar” kimi əsassız fikirlər səsləndirirlər”.

“Hər ölkənin özünün standartı var” deyən ekspert onu da əlavə edib ki, İranın satdığı sobalar bizim standartlara uyğun deyil: “Bizim şəbəkədə qazın optimal təzyiqi 130 mm su tutumunun təzyiqinə bərabərdir. Məsələn, İrandan gətirilən sobalarının istilik təzyiqi 178 mm-dir. Onu gətirib bizim şəbəkədə quraşdıranda o, düzgün işləmir. Üstəlik, naşı ustaya göstərirlər, o zaman da sobada yanma prosesi pozulur və nəticədə dəm qazı yaranır. Heç kim də soruşmur ki, bunları niyə bizim öklədə satırsınız?”.  

Afaq Mirayiq