-
- 19-12-2019, 22:28
- 686
Əsas vəzifə nəinki pambıq ipliyini, son məhsulu ixrac etməkdir
Pambıqçılıq çox gəlirli kənd təsərrüfatı sahəsidir. Onu da xatırlayıram ki, mən 2015-ci ildə bu məsələ ilə özüm şəxsən məşğul olmağa başlayanda bəzi hökumət üzvləri hesab edirdilər ki, pambıqçılıq, ümumiyyətlə, Azərbaycandan çıxarılmalıdır. Bu, gəlirsiz sahədir və bunun heç bir perspektivi, gələcəyi yoxdur. Mən, sözün düzü, təəccüb etdim, çünki necə ola bilər ki, əsrlər boyu pambıq yetişdirilib, əsrlər boyu bizim kəndlər bu sahədə fəal olub. Bu, ənənəvi sahədir, böyük təcrübəmiz var, insanlar buna öyrəşiblər. Məgər sovet dövründə bilmirdilər ki, harada pambıq əkilə bilər, harada əkilə bilməz. Sovet dövründə hər şeyi bilirdilər. Dövlət Plan Komitəsi var idi, hər şeyi dəqiqliyi ilə bilirdilər harada nə əkilməlidir, harada nə tikilməlidir. Ona görə yenə də deyirəm, bizim baxışlarımız və çox məqsədyönlü siyasət pambıqçılığı gəlirli sahəyə çevirdi və artıq gəlirlər zənciri də yaradıldı.
News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə söyləyib.Dövlətimizin başçısı deyib: “Pambıq ixracyönümlü məhsuldur. Mahlıcı satmaq üçün bazar axtarmaq lazım deyil, dünya birjalarında satılır. İndi hər bir ölkənin istehsalçıları qarşısında duran əsas məsələlərdən biri də bazara çıxışlardır. Çünki bazarlar da məhdudlaşır. Bir çox ölkələr öz tələbatını daxili imkanlar hesabına ödəməyə başlayıblar. İdxaldan asılılığı azaltmaq təkcə bizim siyasətimiz deyil, bir çox ölkələr bu yolla gedirlər. Bizim ənənəvi bazarlarımızın yerləşdiyi ölkələr əgər gələcəkdə öz tələbatını daxili resurslar hesabına təmin edəcəklərsə, biz haraya mal satacağıq və nəyi satacağıq. Pambıq o məhsullardandır ki, bunun üçün bazar axtarmaq lazım deyil. Birja var və birjada satılır. Özü də biz, - bu barədə də danışacağıq, - əgər yığımdan son məhsula qədər bu zənciri yaratsaq, - biz bunu yaratmalıyıq, - onda hər bir zəncirin sonunda əlavə dəyər formalaşacaq. Beləliklə, bu işlərə cəlb edilən əmək qüvvəsi daha da böyüyəcək və gəlir daha da artacaq.
Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərəm ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir. Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda mahlıc ixrac edirik. Ancaq əsas vəzifə nəinki pambıq ipliyi, - bu, birinci hədəfdir, - əsas məsələ son məhsul ixrac etməkdir. Bunun üçün də bizim aidiyyəti qurumlar, hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi pambıqçılığın sənaye sahəsinə təkan verə biləcək müəssisələri yaratmaq üçün gərək fəal işləsinlər, investorları cəlb etsinlər və güzəştli kreditlər versinlər”.