"Biz pambıqçılığı dirçəltdik"
    • 19-12-2019, 22:20
    • 656

"Biz pambıqçılığı dirçəltdik"

Pambıqçılığı inkişaf etdirərkən biz sosial amili də həmişə diqqət mərkəzində saxlamışıq. Çünki qeyd etdiyim kimi, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Yəni, pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir.
News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə deyib.
Dövlətimizin başçısı bildirib ki, indi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir: “Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunur. Eyni zamanda, bizim çox gözəl indikatorumuz var. Bildiyiniz kimi, sosial müdafiəni gücləndirmək üçün biz indi 40 minə yaxın ödənişli ictimai iş yeri yaratmışıq, dövlət tərəfindən maliyyələşir. İş tapa bilməyən vətəndaşlar bu ictimai iş yerlərində işlə təmin olunurlar. İndi pambıq yetişdirən rayonlarda artıq bu işlərə də tələbat azalır. Çünki insanlar gedib pambıqçılıqda daha böyük pul qazanırlar və beləliklə, öz maddi vəziyyətlərini yaxşılaşdırırlar.
Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər nəticəsində biz pambıqçılığı dirçəltdik. Bəzi rəqəmləri gətirməklə mən bu sözləri təsdiqləyəcəm. Beləliklə, 2015-ci ildə, - o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. Yəni, 2016-cı il bizim pambıqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər çox idi. 2017-ci ildə biz pambıq əkini sahələrini kəskin artırdıq. Onu da bildirməliyəm ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini gördük və o torpaq sahələrini azaltdıq. Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan görə bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir”.
Tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlığın 30 sentnerdən çox olduğunu xatırladan Prezident İlham Əliyev bildirib ki, 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir. “Bütün tarix boyu cəmi üç il ərzində hektardan məhsuldarlıq 30 sentnerə yaxın olmuşdur və bu il biz bunu artıq görürük. Əminəm ki, bundan sonra görüləcək tədbirlər nəticəsində məhsuldarlıq daha da artacaq. İndi bu barədə burada məlumat veriləcək. Çünki indi pilot layihələr var. Pilot layihələrdə pambıq müasir texnologiya əsasında əkilir və orada məhsuldarlıq daha çoxdur. Əgər biz indi pilot layihələri ölkə üzrə geniş yaysaq, əlbəttə ki, 100 min hektardan daha çox məhsul götürəcəyik”, - deyə dövlətimizin başçısı qeyd edib.