"Anamın səsini eşitmək istəyirəm" - Eşitmə əngəlli uşaqların Şaxta Babadan YEGANƏ ARZUSU - FOTOLAR - VİDEO
    • 20-12-2019, 18:00
    • 1 503

"Anamın səsini eşitmək istəyirəm" - Eşitmə əngəlli uşaqların Şaxta Babadan YEGANƏ ARZUSU - FOTOLAR - VİDEO

Burda gözlər sözlərdən daha çox şey ifadə edir. Onlar sevgilərini də, sevinclərini də işarətlə anladırlar. Kənardan səssiz, sakit görünən bu uşaqların öz rəngarəng dünyası, öz səsli aləmi var...

Eşitmə və nitqində qüsuru olan uşaqlar üçün unudulmayan bir gün yaşanıb. Müxtəlif cizgi filmi, hekayə personajları rolunu ifa edən bu uşaqlar musiqi sədaları altında, rəqs edib, əyləniblər. Rəqslər, ifalar, bütün bu qələbəlik isə tam səssizlikdə, musiqisiz yaşanıb... 


News24.az-ın xəbərinə görə, bu gün yaşananlar Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən bayram şənliyində baş tutub.

Şənlik şagirdlərin dövlət himnini jestlərlə ifası ilə başlanıb. Eşitmə və nitqlərinin məhdud olmasına baxmayaraq, şagirdlərin bütün ifalara ürəklə, əzmlə hazırlaşqdıqlarını müşahidə etdik. Şənlikdə internat məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. 

Tədbirdə çıxış edən internat-məktəbin direktoru Umnisə Nəcəfbəyova bildirib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi 1962-ci ildən fəaliyyət göstərir:

"Hazırda internat məktəbində 210 şagird təhsil alır, onlardan 120 nəfəri müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 39 müəllim və 28 tərbiyəçi məşğul olur. İnternat məktəbində ümumtəhsil fənlərindən əlavə “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, həmçinin “Mimika və daktioloji iş” dərsləri 13 loqoped müəllim tərəfindən fərdi şəkildə tədris olunur". 

Direktor şagirdlərin əldə etdiyi uğurlardan da söz açıb:" Şagirdlərimiz olduqca istedadlıdırlar. Görkəmli dramaturq C.Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirdə məktəbimiz 1-ci yerə layiq görülüb. Eyni zamanda, "Nəsimi ili" ilə bağlı elan edilən "Payız əfsanəsi" incəsənət müsabiqəsində də məktəbimizin şagirdləri birinci yerə layiq görülüblər". 

U.Nəcəfbəyovanın sözlərinə görə, məktəbdə bir neçə dərnək də fəaliyyət göstərir: "Şagirdlərin peşəyönümlü təlimi üçün tədris emalatxanalarında dərnəklər (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) fəaliyyət göstərir. İnternat məktəbində rəqs, teatr, rəssamlıq kimi dərnəklər də təşkil olunub. Şagirdlər bu sənətləri öyrənməklə gələcəkdə peşə təhsili müəssisələrində oxuya bilərlər".

Sonda internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.

Qeyd edək ki, xüsusi internat məktəbi 2015-ci ilin noyabr ayında əsaslı təmir və tikinti işləri yekunlaşdıqdan sonra şagirdlərin istifadəsinə verilib. Cari tədris ilində Təhsil Nazirliyi tərəfindən xüsusi internat məktəbinin yataqxana korpusu əsaslı təmir olunaraq müasir tələbələrə cavab verən yeməkxana, istirahət və yataq otaqları ilə təmin olunub. 

Afaq Mirayiq
Foto-video: Fərid Şabanov