"2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur" - İlham Əliyev
    • 20-12-2019, 17:26
    • 672

"2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur" - İlham Əliyev

"Mən bu gün Sankt-Peterburqa cənab Prezident Vladimir Putinin dəvəti ilə gəlmişəm. Prezident Putinin dəvəti ilə MDB dövlət başçılarının ötən ilin sonunda da qeyri-rəsmi zirvə görüşü keçirilib, bu ilin sonunda da keçirilir. Bu, artıq ənənəyə çevrilibdir və çox gözəl ənənədir. Çünki yaxşı fürsətdir ki, bir daha dövlət başçıları görüşsünlər və gələn il görüləcək işlər haqqında fikir mübadiləsi aparsınlar".

News24.az  xəbər verir ki, bunu dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə deyib: "Mən də bu dəfə Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə görüşürəm. Əvvəllər də bizim görüşlərimiz olubdur, həm Bakıda, həm Sankt-Peterburqda. Amma bu gün bir daha görüşürük və bu, çox əlamətdar hadisədir. Mən bilirəm ki, Sankt-Peterburqda və Leninqrad vilayətində çox böyük Azərbaycan diasporu yaşayır və fəaliyyət göstərir. Uzun illərdir ki, bu təşkilata Vaqif Məmişov sədrlik edir. Bilirəm ki, burada yaşayan azərbaycanlılar Rusiyanın çox dəyərli vətəndaşları kimi həm Rusiyanın ümumi inkişafına töhfə verirlər, həm də ki, tarixi Vətənlə də əlaqələri saxlayırlar, gedib-gəlirlər. Mənim bundan xəbərim var, bu, çox müsbət haldır. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur. Prezident Vladimir Putinlə mənim çoxsaylı görüşlərim olub. Hər bir görüş çox məhsuldar olub. Bu görüşlərdə müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar sonra həyatda öz əksini tapır. Nazirlər səviyyəsində bir çox qarşılıqlı səfərlər olubdur, Rusiyanın Federasiya Şurasının sədri xanım Valentina İvanovna Matviyenko aprel ayında Azərbaycana rəsmi səfərə gəlmişdi. Digər vəzifəli şəxslərin də səfərləri olub. İlin sonunda növbəti görüş gözlənilir. Rusiyanın İqtisadi İnkişaf naziri Bakıya gələcək və sonra öz həmkarları ilə sərhədə gedib Samur çayı üzərində tikilmiş yeni körpünün açılışını edəcəklər".