Polis Mingəçevirdə əməliyyat keçirdi, APTEK SAHİBİ HƏBS EDİLDİ - FOTOLAR - VİDEO
    • 20-12-2019, 17:34
    • 809

Polis Mingəçevirdə əməliyyat keçirdi, APTEK SAHİBİ HƏBS EDİLDİ - FOTOLAR - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Mingəçevirdə psixotrop tərkibli dərmanların satıldığı aptek aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yüksək təsiredici xassəyə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarəyə Mingəçevir şəhərində yerləşən “Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində həmin aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanlarının satışının həyata keçirildiyi təsdiqini tapıb. Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi Ağdam sakini Samir Məmmədov saxlanılıblar.

Baxış zamanı aptekdə “Fenobarbital”, “Relanium”, “Diazepeks”, “Actopentin”, “Sirentin” və sair dərman preparatları aşkar olunaraq maddi sübut kimi götürülüb. Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib.
Aptekin sahibi Samir Məmmədov da qanunla tələb olunan xüsusi lisenziya olmadan psixotrop dərman preparatlarının aptekdə onun tapşırığı ilə satışının aparıldığını ifadəsində təsdiq edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 240.3.2 (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılaraq hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.