Psixotrop dərman preparatları satılan aptekin sahibi saxlanıldı
    • 20-12-2019, 22:11
    • 1 096

Psixotrop dərman preparatları satılan aptekin sahibi saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yüksək təsiredici xassəyə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, Baş İdarəyə Mingəçevir şəhərində yerləşən “Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində həmin aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanlarının satışının həyata keçirildiyi təsdiqini tapıb. Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi Ağdam sakini Samir Məmmədov saxlanılıblar.
Baxış zamanı aptekdə “Fenobarbital”, “Relanium”, “Diazepeks”, “Actopentin”, “Sirentin” və sair dərman preparatları aşkar olunaraq maddi sübut kimi götürülüb. Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib.