Jurnalistlər niyə deputat olmaq istəyir? - NAMİZƏDLƏR DANIŞDI
    • 24-12-2019, 18:42
    • 2 434

Jurnalistlər niyə deputat olmaq istəyir? - NAMİZƏDLƏR DANIŞDI

2020-ci ilin fevralın 9-da növbədənkənar  parlament seçkiləri baş tutacaq.

News24.az xəbər verir ki, parlamentdə təmsil olunmağa iddialılar arasında bir sıra tanınmış jurnalistlər də var.  35 saylı Xətai 3-cü seçki dairəsindən  “Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, 28 saylı Sabunçu III Seçki Dairəsindən Aygün Muradxanlı, 26 saylı Sabunçu birinci seçki dairəsindən "Lider" Televiziyasının əməkdaşı Teymur Məmmədov (Mərdanoğlu), Xətai rayonu 33 saylı birinci seçki dairəsindən  Fuad Abbasov, Nizami ikinci seçki dairəsindən ADP üzvü Vüqar Məmmədov, 45 saylı Abşeron seçki dairəsindən Zahir Əzəmət, 10 saylı Binəqədi Üçüncü dairəsindən İltifat Hacıxanoğlu, jurnalist, şəhid oğlu Zaur Əhməd 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
  
Eləcə də, "Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü,  jurnalist-aparıcı Yelena Sidorenko (Eyvazlı), Real Televiziyasının əməkdaşları Ləman Ələşrəfqızı, Afət Telmanqızı, Jalə MütəllimovaCeyhun Musaoğlu da deputat olmağa namizədliyini irəli sürənlər arasındadırlar.

Maraqlıdır, adıçəkilən tanınmış jurnalistlərin hər birinin söz deyə biləcək kürsüsü, tribunası olduğu halda, nədən Milli Məclisdə təmsil olunmaq istəyir? Seçiləcəkləri təqdirdə, onlar millət vəkili kimi daha çox hansı problemlərin həllinə çalışacaqlar?

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyini irəli sürən Əməkdar jurnalist, "Real" Televiziyasının müxbiri Ləman Ələşrəfqızıı deputat seçiləcəyi təqdirdə ilk olaraq parlamentdə Oğuz rayonunun problemlərini qaldırmağı düşünür:  “Məni ən ciddi narahat edən problemlərdən biri Oğuzun meşələrinin qırılmasıdır. Təəssüf edirəm ki, oğuzlular tərəfindən seçilən millət vəkilləri bu problemə biganə yanaşıblar. Oğuzun o cür zəngin meşələri var idi, indi isə onlar keçəl qalıblar. Oğuzun təhsilindən tutmuş səhiyyəsinədək o qədər problemləri var ki… Çalışacam ki, oğuzlular özlərini güvənli hiss etsinlər. Mən bu addımı ürəyimin diktəsiylə atmışam. Düşünürəm ki, parlamentdə təmsil olunmağımla bağlı qərarımda nə tələsmişəm, nə də gecikmişəm. Əksinə, məqamında addım atmışam. Oğuzda kifayət qədər sevənlərim var. Ona görə də səs toplayacağıma inanıram. Çalışacağam ki, təbliğat kampaniyam da başqalarınkından fərqli olsun".  

Parlament seçkilərində özünü ikinci dəfədir sınayan jurnalist Musayev Ceyhun Musa oğlu (Musaoğlu) 2005-ci ildə 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürəndə seçicilərinə belə bir mesaj ünvanlamışdı: “Mən seçilməyə yox, deputatın necə olduğun nümunəsi göstərməyə gəlmişəm”. 

2020-ci il parlament seçkisində eyni dairədən namizəd olan Ceyhun bəy bu dəfə məhz deputat seçilmək üçün namizədliyini irəli sürüb: “Reallığı qiymətləndirməyi bacaran insanam. Jurnalist kimi nəyin necə olduğunu dəqiq bilirəm. Artıq 45 yaşım var və 25 ildir peşəkar jurnalistlik fəaliyyəti ilə məşğulam. Həyat yolum və fəaliyyətim deputat seçilməyimlə tam mütanasiblik təşkil edir. Namizəd olduğum dairə 40 ildir yaşadığım yurdumdur. 6 qəsəbə və bir şəhəri əhatə edən dairədə 80 faiz insanları tanıyıram, onlarla mütəmadi ünsiyyətdəyəm. Seçicilərdə belə bir fikir formalaşıb, “deputat yol çəkməlidir, qaz, işıq, su verməlidir”. Əlbəttə, mən bununla razıyam, amma bir məsələ var ki, burada fikir konteksdən çıxır. Deputat bir yerə yox, bütün ölkəyə qaz verilməsinə çalışmalıdır. Yalnız bir qəsəbəyə kömək etməklə kifayətlənməməlidir. Çalışmalıdır və elə bir qanunun qəbuluna nail olmalıdır ki, heç kimin qazı, suyu kəsilməsin. Hazırda ölkənin infrastruktur problemi yoxdur. Hökumətimiz bu problemləri həll edib. Bugünün deputatı onu seçənləri bütöv insana çevirməyi bacarmalı, bu istiqmətdə səmərəli qanunların qəbuluna çalışmalıdır. Parlament ölkə rəhbərliyinin çevik siyasətinə, imza atdığı mübarək islahatlara cavab verəcək gücdə olmalıdır. Namizədliyini irəli sürən jurnalistlər parlamentın məhz bu dəyərlər üzərində qurulmasına və fəaliyyət göstərməsinə böyük dəstək vermək gücündədirlər. Seçkinin demokratik və şəffaf keçəcəyinə inandığım üçün ləyaqətli, məsuliyyətli, vicdanlı və ömrünü dövlətin inkişafına həsr edən insanların parlamentdə təmsil olunacağına əminəm”. 

"Yeni Müsavat" qəzetinin yazarı,  “Ana Vətən” partiyası sədrinin müşaviri Jalə Mütəllimova da deputat seçiləcəyi təqdirdə ictimaiyyəti narahat edən məsələləri gündəmə gətirməyə çalışacağını deyir: “27 ildir jurnalist kimi fəaliyyət göstərirəm. Biz qələm sahibləri insanları, ictimaiyyəti narahat edən problemlərdən kifayət qədər xəbərdarıq. O, problemlərin içindəyik, sıravi vətəndaşlardan heç bir fərqimiz yoxdur. Yəni onların bütün problemlərini dərindən bilirik. Dövlətin islahatlar siyasəti çox yüksək səviyyədə reallaşır. Cənab Prezident medianın inkişafına dəstək olur. Ölkədə iqtisadi, siyasi, sosial durumun yaxşılaşması üçün addımlar atılır. Xeyli administrativ işlər görülür. Cinayətlərə yol verən maliyyə fırıldaqçıları cəzalandırılır. Bütövlükdə ölkədə bir yeniləşmə prosesi gedir. Əsas marağım və istəyim bu prosesdə iştirak etməkdir. Düşünürəm ki, əgər partiyanın təşəbbüsü varsa, niyə də 27 ildir mediada çalışan insan dövləti üçün daha faydalı simaya çevriliməsin?! Faydalılıq dərəcəsini artırmaq üçün bu addımı atdım. Bildiyiniz kimi, köşə yazılarımı həm də tele-köşə versiyasında təqdim edirəm. Orda məni narahat edən, həllini görmək istədiyim problemləri işıqlandırıram. Düşünürəm ki, bəzi icra başçılarının fəaliyyətində yol verdiyi qüsurlardan dolayı insanlar arasında böyük inamsızlıq yaranıb. Uçurumu aradan qaldırmaq üçün ölkədə çox gözəl proseslər başlanılıb. Dəstəklənəcəyim təqdirdə, bu proseslərin içindən yaranan problemləri həll etməyə doğru addımlar atacağam. Artıq millət vəkili seçiləndən sonra əlində imkanlar daha da çoxalır və müraciətlər edib məsələni daha da qloballaşdıra bilirsən”.

Bəstəkarlar İttifaqının mətbuat və ictimaiyyətlə əlaqələr şobəsinin müdiri İltifat Hacıxanoğlu parlamentdə təmsil olunarsa, Milli Məclisdə adı olub, özü olmayan deputatlardan fərqli olaraq, hər zaman seçicilərinin yanında olacağını deyir: “Uzun illər mədəniyyət sahəsində çalışmışam. Mədəniyyət də siyasətdir. Millət vəkili seçilsəm, həm çalışdığım sahədə, həm də yaşadığım ərazidə qarşılaşdığım problemləri araşdırıb həll edəcəm. Milli Məclisdə adı olub, fəaliyyəti olmayan deputatlardan yox, insanlara gerçəkdən xidmət edən millət vəkillərindən olacağam”.

Jurnalist seçkidə qalib olacağına əmindir: “Seçicilərimə inanıram. Çünki dəfələrlə orda yaşayan insanlarla ünsiyyətdə olmuşam, jurnalist kimi problemlərinin həllinə yardımçı olmağa çalışmışam. Onlar da hər zaman məni dəstəkləyiblər".

125 saylı Zəngilan-Qubadli seçki dairəsindən namizədliyini irəli sürən tanınmış jurnalist Afət Telmanqızı isə məcburi köçkün vətəndaşlarımızın səsini Milli Məclisə çatdırmağa çalışacaq: “Bakıda doğulsam da, əslim Zəngilandandır. Bu səbəbdən də, namizədliyimi Zəngilan –Qubadlı seçki dairəsindən irəli sürmüşəm. Onların yaşadıqları problemlər mənə çox yaxından tanışdır. Niyyətim onların səsini daha çox eşitdirməkdir. Bu il namizədliyini irəli sürənlər arasında mətbuat nümayəndələri çoxluq təşkil edir. Çünki jurnalistlər hər şeyi görüb, araşdırırlar, hər zaman xalqın içindədirlər. Düşünürəm ki, mətbuat nümayəndələrinin parlamentdə olması zərərli deyil, əksinə, faydalıdır. Parlament jurnalisti olaraq çox məqamları müşahidə etmişəm. Elə deputatlarımız var ki, heç illərlə ağzını açmayıblar. Seçicidən soruşsanız, onları heç tanımırlar. Mənim məqsədim sadəcə, deputat adını qazanmaq və ya o kürsüdə əyləşmək deyil. İnsanlara yardım etmək, onların Milli Məclisə duyurmaq istədiklərini çatdlrmaqdır”.  

Sevda Bayramova