-
- 30-12-2019, 00:22
- 608
“Yəqin haqq alıblar” məsələsinə Qoşqar Təhməzli aydınlıq gətirdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurum tərəfindən fəaliyyəti məhdudlaşdırılan, daha sonra fəaliyyətini davam etdirən sahibkarlıq subyektlərilə bağlı cəmiyyətdə yaranan “yəqin haqq alıblar” fikrinə münasibət bildirib.
News24.az xəbər verir ki, sədr jurnalistlərə açıqlamasında bildirib ki, nöqsan aşkarlanan müəssisənin fəaliyyəti ilk andan dayandırılmır:
“Biz əvvəlcə üç aylıq məhdudlaşdırma tətbiq edirik. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılırsa, həmin müəssisə yenidən fəaliyyətini davam etdirir. Müəssəinin fəaliyyəti aşkar olunan nöqsanlar aradan qaldırılana qədər müvəqqəti məhdudlaşdırılır. Bizim çıxardığımız qərarların da adı belədir”.
Q.Təhməzli vətəndaşlara da səslənib.
O bildirib ki, kim hansı ünvanda təhlükəli qida ilə bağlı məlumat bilirsə, Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı mərkəzi”nə məlumat versin:
“Əgər doğrudan da hansısa bir zirzəmidə insan sağlamlığı üçün ziyanlı olan bir qida məhsulunun istehsalı haqqında məlumatlıdırlarsa, bizə desinlər, tədbir görək.
Hər kəs şikayətlənir ki, biz bilirdik ki, Azərbaycanda qeyri-qanuni spirtli içkilərin qablaşdırılması ilə məşğul olanlar var. Əgər insanlar bunu bilir və demirsə, bilavasitə onlar cinayətdə iştirak etmiş olurlar. Əhali bu məsələdə bizə dəstək olmalıdır”.
/Oxuaz/