Uşaqların qidalanması ilə bağlı standartlar müəyyən olunub - AQTA
    • 9-09-2019, 12:03
    • 1 263

Uşaqların qidalanması ilə bağlı standartlar müəyyən olunub - AQTA

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə fəaliyyət göstərən 1600-ə yaxın uşaq bağçasından 500-də lazimi monitorinqlər həyata keçirilib".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA  sədri Qoşqar Təhməzli bildirib.

AQTA sədri qeyd qeyd edib ki, hazırda uşaq bağçalarında yoxlamalar davam edir:"Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik".

Qoşqar Təhməzli eyni zamanda bildirib ki, hər il olduğu kimi bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət edəcəyik və həmin müəssisələrdə qida təhlükəsizliyinin qorunmasını təmin edəcəyik.
Q.Təhməzlinin sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən qida rasionunun hazırlanması ilə bağlı təklif hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub: "Səhiyyə Nazirliyi tərəfindən təklif olunan qida rasionunda məktəbəqədər müəssisələrdə və orta məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib. Təklif Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra biz həmin qidaların nə qədər təhlükəsiz olduğuna baxacağıq".

AQTA sədri eyni zamanda qeyd edib ki, tövsiyə üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlamışıq, bunları daha sonra ictimaiyyətə açıqlayacağıq: "Yaşıl vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlara hansı qidalara tamamilə icazə verilməli olduğu qeyd edilib. Sarı vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. Qırmızı vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir".

Afaq Mirayiq