Ruhi Əliyevanın filmi bu səhnəsi ilə Türkiyədə gündəm oldu - TİZER - FOTO
    • 7-01-2020, 14:22
    • 9 990

Ruhi Əliyevanın filmi bu səhnəsi ilə Türkiyədə gündəm oldu - TİZER - FOTO

İşgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə "Liatris Yapım" şirkətinin ərsəyə gətirdiyi və məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın rol aldığı "Ağır Romantik" filmi növbəti dəfə qardaş ölkənin mediasında gündəm olub. 

News24.az xəbər verir ki, bundan öncə İstanbulun mərkəzi küçələrindən birində filmin baş qəhrəmanı olan Onur Tunanın silahla atəş açmaq səhnəsindən yazan Türkiyə mediası bu dəfə ekran işində yer alan evlilik təklifi haqda məqalələr yayımlayıb. 

Sözügedən səhnədə O.Tuna həmkarı Tuvana Türkaya 100 min gül ləçəyi ilə evlilik təklif edib. 

"Milliyet.com", "CNN Türk",  "Akşam", "Haberglobal", "Haberler", "Posta", "Takvim" kimi Türkiyənin məşhur saytları filmin romantik səhnələrlə yaddaşlara həkk olunacağını iddia edib. 

Məlumat üçün bildirək ki, “Ağır Romantik” Almaniya,  Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. 

Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. 

Qeyd edək ki, “Ağır Romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.