"Tehran istiqamətində uçuş cədvəlinin dəyişdirilməsi planlaşdırılmır"- AZAL
    • 8-01-2020, 14:23
    • 1 121

"Tehran istiqamətində uçuş cədvəlinin dəyişdirilməsi planlaşdırılmır"- AZAL

Qış cədvəli çərçivəsində “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik reyslər həyata keçirir.

Bu barədə News24.az-a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə bu istiqamət üzrə reyslərin cədvəlinə dəyişiklik edilməsi planlaşdırılmır.

P. Kəsəmənski Azərbaycan təyyarələrinin İran üzərindən uçuşların dayandırıla biləcəyinə də aydınlıq gətirib. O bildirib ki, hər hansı bir dəyişiklik olduğu təqdirdə aviaşirkət rəsmi rabitə kanalları vasitəsilə cəmiyyəti məlumatlandıracaq.

Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası Amerika mülki təyyarələrinin İraq, İran əraziləri, Fars və Oman körfəzləri suları üzərindən uçmasına qadağa qoyub. Həmçinin, “Singapore Airlines” aviaşirkəti İranın ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirməsindən sonra təyyarələrinin İran üzərindən uçmasını qadağan edib. Aviaşirkətin bəyanatında deyilir ki, təyyarələrin İran hava məkanından yan keçməklə Avropaya və əksinə, Avropadan uçmasına dair qərar qəbul olunub.