"Donuz qripinin Azərbaycanda yayılma ehtimalı böyükdür"- BAŞ İNFEKSİONİST
    • 13-01-2020, 13:16
    • 754

"Donuz qripinin Azərbaycanda yayılma ehtimalı böyükdür"- BAŞ İNFEKSİONİST

Qonşu ölkə Gürcüstanda donuz qripindən ölənlərin sayı 3 nəfərə çatıb. Hazırda  ölkədə qripə yoluxma halları 100 min nəfərə 191 hal təşkil edir.  Ermənistanda da ötən gün bir nəfərin donuz qripindən öldüyü açıqlanıb.  
 
Yaxın ərazilərdə ölümlə nəticələnən donuz qripi virusunun Azərbaycanda yayılma ehtimalından hər kəs təşvişə düşüb. Ölkəmizdən Gürcüstana gediş-gəlişin sıx olduğunu nəzərə alsaq, bu ehtimal daha da yüksəlir.      
 
Məsələ ilə bağlı ölkənin baş infeksionisti Cəlal İsayevlə əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında bildirib ki, Gürcüstanda donuz qripinin olması doğru məlumatdır və bunun Azərbaycana keçmə ehtimalı böyükdür: “Bizim Gürcüstanla böyük əlaqələrimiz var. Orda soydaşlarımız yaşayır, eyni zamanda azərbaycanlılar ora istirahətə gedirlər. Bu səbəbdən, keçmə ehtimalı var. Ümumiyyətlə, götürdükdə, Azərbaycanda bu mövsümdə kəskin respirator virus infeksiyaları var. Onların arasında donuz qripi nə qədərdir, onu dəqiq deyə bilmərəm, bunu yalnız Gigiyena və Epidemilolgiya Mərkəzi deyə bilər. Lap tutaq ki, donuz qripi Azərbaycanda da var, amma bu təhlükə törədəcək səviyyədə deyil. Ümumiyyətlə, keçən illə müqayisədə kəskin respirator virus infeksiyalarının yayılması nisbətən azdır. Yəni epidemioloji təhlükə təşkil eləmir. Bu baxımdan, ölkəmizdə epidemioloji situasiya sabitdir. Belə xəstələrin özlərini gözləməsi ölüm təhlükəsini aradan qaldırır. Ümumiyyətlə,  respublikamızda bugünədək donuz qripinə yoluxma halı ilə bağlı məlumat almamışıq. Mərkəzimizdəki şöbəmizdə demək olar ki, ağır xəstə belə olmayıb. Xəstəliyin ağırlaşması yaş qrupuyla bağlıdır. Azyaşlı uşaqlar, ahıl insanlar bu xəstəliyə yoluxarlarsa, onu ağır keçirmə ehtimalı yüksəkdir. Hər hansı xroniki xəstəliyi olan və hamilə qadınlarda bu xəstəliyi ağır keçirə bilər. Bu səbəbdən İnsanlar virusa yoluxarsa, özlərini qorumalıdırlar”.
 
Baş infeksionist əlavə edib ki, insanlar virusa yoluxublarsa, birinci növbədə evdən çıxmamalıdırlar: “Hərarəti olan insanlar işə getməməlidirlər. Bu həm onların sağlamlığı nöqteyi nəzərindən, həm də xəstəliyin yayılması baxımından əhəmiyyət kəsb edir. Bir xəstə insan kollektivə gedərsə, bu, ətrafındakııların da yoluxmasına səbəb olur. 5-10 dəqiqəlik ünsiyyət kifayətdir ki, virus yayılsın.
 
Tibb mütəxəssisi xəstəlikdən qorunmağın yollarından da danışıb: “Bu xəstəlikdən özümüzü insanların çox toplaşdığı yerə getməkdən çəkinməklə qorunmalıyıq. heç olmasa belə yerlərə gedəndə maskalardan istifadə etmək lazımdır. Maska tam qorumasa da, müəyyən mənada yoluxmanın qarşısını alır. Eyni zamanda, şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir. Əllər tez-tez sabunla yuyulmalıdır. Doğrudur, respirator virus infeksiyalarının kontakt yolu ilə yoluxmaq ehtimalı azdır. Amma müəyyən virus növləri var ki, bunlar təmas yolu ilə keçə bilər. Yaşadığımız , işlədiyimiz yerdə otağın havası  tez tez dəyişilməlidir. Qidalanmaya fikir vermək vacibdir. Keyfiyyətli qidalar yemək, bol - bol vitamin qəbul etmək şərtdir. Eyni zamanda açıq havada çox olmq, normal yuxu almaq, stressdən uzaq olmaq lazımdır. Orqanizmin immun sistemi güclü olarsa, bu xəstəliyə tutulma ehtimalı az olar”. 
 
C.İsayev qrip əleyhində vurulan peyvəndlərə də münasibət bildirib: “Doğrudur, peyvənd qismən qarşısını ala bilir, amma yenə də tam qorumur. Burda peyvənd hansı qrip virusundan vurulubsa, ona qarşı qoruma olur. Başqa viruslardan qorumur. Ona görə mövsüm boyu bir neçə dəfə respirator virus infeksiyaları ilə xəstələnə bilirik. İnsanlar bəzən şikayətlənir ki, “bir neçə dəfə dalbadal qrip tutdum”.  Bu, ayrı -ayrı ştapların törətdiyi virusdu. Peyvəndi də epidemiya mövsümündən əvvəl başlamaq lazımdır. Orqanizmdə immunitet formalaşsın, özü qoruya bilsin”.

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva ilə əlaqə saxladıq. O, Azərbaycanda donuz qripi virusunun aşkarlanmadığını bildirdii: “Azərbaycanda hazırda mövsümi qriplər var. Amma pandemik qriplər yoxdur. Hazırda vəziyyət sabitdir. Bütün labarator müayinələr aparılır, vaxtında xəstələrin aşkar olunması, müayinə və müalicəyə cəlb olunması həyata keçirilir. Bu günə olan məluamat görə, vəziyyət sabitdir”.

 Afaq Mirayiq