Prezident taksi xidmətləri ilə bağlı nazirə GÖSTƏRİŞ VERDİ
    • 15-01-2020, 16:38
    • 886

Prezident taksi xidmətləri ilə bağlı nazirə GÖSTƏRİŞ VERDİ

"Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır?"

News24.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul qəbul edərkən deyib. Prezident vurğulayıb ki, Azərbaycanın bütün şəhərlərində, ilk növbədə, böyük şəhərlərdə müasir taksi xidmətləri olmalıdır: "Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə".

Prezident həmçinin bu məsələnin avtobus nəqliyyatına da aid olduğunu bildirib:"Çünki hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır".