BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edib Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb
    • 17-01-2020, 18:33
    • 1 024

BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edib Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbərinin azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sənəddə Ermənistan tərəfindən nəzarət olunan, təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmənin nəticəsindən başqa bir şey olmayan qondarma rejimin qeyri-qanuniliyinin beynəlxalq səviyyədə dəfələrlə bəyan edildiyi öz əksini tapıb.

Bu xüsusda, 2015-ci ilin 16 iyun tarixində qəbul edilmiş “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının qərarına istinad edilərək qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ regionunda və Azərbaycanın digər işğal olunmuş ərazilərində tam nəzarəti həyata keçirir.

Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf ərazilər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyi, eləcə də Azərbaycan ərazilərinin işğalının pislənildiyi qeyd olunur, işğal olunmuş ərazilərdən bütün erməni qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu bildirilir.

Sənəddə 11 iyul 2014-cü il tarixində azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi və digər azərbaycanlı mülki şəxs Həsən Həsənovun qəddarcasına qətlə yetirilməsi faktı öz əksini tapıb.

Erməni tərəfinin uydurulmuş iddialar əsasında qanunsuz olaraq D.Əsgərovu “ömürlük”, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdiyi sənəddə xüsusilə vurğulanır. Eyni zamanda, Həsən Həsənovun nəşinin demək olar ki 3 aydan sonra, 2014-cü ilin 2 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçilyi ilə qaytarıldığı qeyd olunur.

2019-cu ilin 5-6 dekabr tarixlərində Bratislavada ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışı zamanı xüsusilə D.Əsgərov və Ş.Quliyevin məsələsinə toxunduğu, Ermənistan tərəfinin isə “hamının hamıya” prinsipi əsasında onların azad olunmasının əleyhinə olduğu sənəddə vurğulanır.

Bu xüsusda, AR-in BMT yanında daimi nümayəndəsi D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi ilə əlaqədar BMT Baş katibinə ünvanladığı məktubda Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin qanunsuz və səlahiyyətsiz qurumu tərəfindən sözügedən şəxslərin uydurma ittihamlar əsasında qanunsuz olaraq həbs olunduğunu, saxlanıldığını, süni “məhkəmə” ilə üzləşdiklərini və uzun müddətli azadlıqdan məhrumetmə ilə məhkum olunduqlarını xüsusilə qeyd edib. Eyni zamanda, D.Əsgərov və Ş.Quliyevə qarşı irəli sürülən ittihamlar barədə onlara məlumat verilmədiyi, eləcə də bir müddət yazışma və ünsiyyət hüququndan məhrum etməklə saxlanıldıqları məktubda diqqətə çatdırılır.

Sənəddə qondarma “məhkəmə”dən öncə və “məhkəmə” ərzində onların Ermənistan rəsmiləri tərəfindən səsləndirilmiş bəyanatlarda “təxribatçılar”, “qatillər” və “muzdlu cinayətkarlar” kimi qələmə verildiyini diqqətə çatdırılır, eləcə də sözügedən şəxslərə qarşı irəli sürülən ittihamların onların başa düşdükləri dildə izah olunmadığı, tərcüməçi vasitəsilə onlara adekvat köməkliyin göstərilmədiyi və “məhkəmə”nin onların başa düşmədiyi erməni dilində aparıldığı bildirilir.
Hal-hazırda D.Əsgərov və Ş.Quliyevin həbsxanada tam izolyasiyada saxlanıldığı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən səfərlər istisna olmaqla heç bir əlaqələrinin olmadığı sənəddə xüsusilə vurğulanır. Burada, həmçinin D.Əsgərov və Ş.Quliyevin etnik mənşəyinə və milli mənsubiyyətinə görə diskriminasiyaya məruz qaldığı qeyd olunur və onların həbslərinin heç bir hüquqi əsasının və ya legitimliyinin olmadığı, eləcə də sözügedən şəxslərin hüquqlarının pozulmasının Avropa İnsan Hüquqları Məhkəməsində şikayət mövzusu olduğu bildirilir.
Sonda sənəddə Azərbaycan Respublikasının BMT, eləcə də onun müvafiq insan hüquqları mexanizmləri və prosedurlarının D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağını, eləcə də onların dərhal və qeyd-şərtsiz azad olunması və ailələri ilə bir araya gəlmələrinin təmin edilməsi istiqamətində səy göstərəcəklərini gözlədiyi xüsusilə qeyd olunur.