Baş Prokurorluqda anım mərasimi keçirilib
    • 18-01-2020, 18:52
    • 1 117

Baş Prokurorluqda anım mərasimi keçirilib

Yanvarın 18-də Baş Prokurorluqda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilən anım mərasimi keçirilib.
News24.az xəbər verir ki, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı milli azadlıq mübarizəsini boğmaq məqsədi ilə totalitarizmin törətdiyi ən qanlı terror aktlarından birini - 20 Yanvar cinayətini törədib. Hadisələr nəticəsində 132 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs edilib.
Bildirilib ki, 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi cinayətlərə etiraz olaraq xalqımızın ümummilli lideri Heydər Əliyev həmin vaxt yaşadığı Moskva şəhərində cəsarət göstərərək oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın nümayəndəliyinə gələrək doğma xalqına qarşı cinayət törətmiş şəxslərin cəzalandırılmasına dair kəskin bəyanatla çıxış edib.
Qeyd edilib ki, əhaliyə fövqəladə vəziyyətin elan edilməsi haqqında fərman elan edilmədən qoşun hissələrini Bakı şəhərinə yeridib günahsız insanların qətlə yetirilməsi, yaralanması və digər faktlar üzrə dərhal cinayət işinin başlanmaması və istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməməsi o zamankı Azərbaycan SSR Baş Prokurorluğunun rəhbərliyi tərəfindən cinayət-prosessual qanunvericiliyinin ən kobud pozuntusu kimi qiymətləndirilməlidir.
Diqqətə çatdırılıb ki, 20 yanvar faciəsi ilə bağlı cinayət işi hadisələrdən yalnız iki il sonra, 14 fevral 1992-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanılsa da, cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tutarlı tədbirlər görülməyib, səthi istintaq aparılıb, faktiki olaraq təqsirkar şəxslərin əməllərinə hüquqi qiymət verilməyib.
Xüsusilə nəzərə çatdırılıb ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər olmadan mümkün olan bütün istintaq hərəkətləri yerinə yetirilib, axtarışda olan təqsirkar şəxslərin tutulub istintaqa təqdim edilmələri üçün Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına qanunla müəyyən edilmiş bütün zəruri sənədlər təqdim olunub, Rusiya Federasiyası Baş Prokurorluğu 1990-cı ilin yanvar hadisələri haqqında cinayət işinin 68 cildinin geri qaytarılmasından dəfələrlə əsassız olaraq imtina edib.  
Mərasimin sonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.