Əfqanıstanda ABŞ-ın hərbi təyyarəsi qəzaya uğradı
    • 27-01-2020, 22:03
    • 1 006

Əfqanıstanda ABŞ-ın hərbi təyyarəsi qəzaya uğradı

Bazar ertəsi günü Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsusdur və onun göyərtəsində on nəfərdən az insan olub.


News24.az xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ ev administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb. Bu məlumatlara əsasən, hazırda təyyarənin vurulduğuna dair sübut yoxdur. Petaqon isə təyyarənin ABŞ hərbi hava qüvvələrinə aid olduğunu hələlik təsdiqləməyib.


“Taliban” hərəkatı təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürüb. Taliblər, həmçinin bəyan ediblər ki, vurulan təyyarə Amerikaya məxsusdur və həlak olanlar arasında Mərkəzi Kəşfiyyat İdarəsinin bir neçə zabiti var.


Associated Press agentliyi ABŞ silahlı qüvvələrinin təyyarənin qəzaya uğramasına dair məlumatlarla bağlı təhqiqata başladığını bildirir.


Təyyarə qəzası bu gün səhər saatlarında “Taliban” hərəkatının nəzarətində olan Qəzni əyalətində baş verib. Əfqanıstan hökumətdəki mənbənin 1TVNews telekanalına verdiyi məlumata görə, o, çox böyük ehtimalla koalisiya qüvvələrinin istifadəsində olan hərbi təyyarədir.


Bundan əvvəl isə KİV-də Əfqanıstanın şərqində “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması barədə məlumat yayılmışdı.