Sosial şəbəkədə şantajla məşğul olan jurnalistdən YENİ XƏBƏR
    • 28-01-2020, 16:26
    • 952

Sosial şəbəkədə şantajla məşğul olan jurnalistdən YENİ XƏBƏR

Zərdab rayonunda bir neçə nəfəri hədələyərək pul tələb edən və özünü jurnalist kimi təqdim edən Qənimət Məmmədovdan yeni xəbər var.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci, yəni, hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə maddəsi ilə təqsirləndirilərək məhkum edilmiş Q.Məmmədov Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Zərdab rayon sakinləri – Faiq Mürsəliyev, Bəxtiyar Fətəliyev, Sadiq Məmmədov və Anar Qurbanov Zərdab rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, rayon sakini Qənimət Məmmədovun onların barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb etdiyini bildiriblər.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü müxbir kimi qələmə verən Qənimət Məmmədov tutularaq istintaqa təhvil verilib.

İlkin araşdırma zamanı məlum olub ki, Qənimət Məmmədov Ucar rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan rayon sakinləri – Elvin İsgəndərli, Rəhim İbrahimli və Müşfiq İbrahimovu sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələyərək onlardan müxtəlif məbləğdə pul tələb edib.