Türkiyədə zəlzələdə dağıntılar altından sağ çıxan azərbaycanlı ailədən - REPORTAJ
    • 30-01-2020, 14:29
    • 896

Türkiyədə zəlzələdə dağıntılar altından sağ çıxan azərbaycanlı ailədən - REPORTAJ

Yanvarın 24-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ oldu. Təbii fəlakət nəticəsində Elazığda 37, Malatyada isə 4 nəfər ölüb. Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb, 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

Elazığ vilayətinin Sürsürü məhəlləsindəki "Dilək" binasının sakinləri arasında itkilər daha çox olub. Belə ki, binanın dağıntıları altında qalan 17 nəfərdən 12-nin həyatını xilas etmək mümkün olmayıb. Dağıntılar altından sağ çıxanlar arasında azərbaycanlı Zeynalovlar ailəsi də var. 

Möcüzə nəticəsində sağ qaldıqlarını bildirən Arzu Zeynalova bildirib ki, hələ də zəlzələ xofu ilə yaşayırlar.

Arzu əslən Elazığdandır. Həyat yoldaşı Elşən Zeynalovla da elə doğulub-böyüdüyü Elazığda tanış olub. Nikaha daxil olmağa qərar verən cütlüyün toyu Azərbaycanda olub. Bir müddət sonra isə Türkiyəyə, Elazığa qayıdıblar. Arzu və Elşənin 1 yaş 6 aylıq Kumsal adlı övladı var.
Elazığ zəlzələsindən bir neçə gün əvvəl, Manisada baş verən zəlzələdən sonra Arzu narahat olmağa başlayıb:

- Daxilimdə bir narahatlıq hissi var idi. Elazığda da zəlzələ ola biləcəyini ehtimal edirdim. Bibim qızı Çağla Adanadan bizə qonaq gəlmişdi. Elşənə də, Çağlaya da dedim ki, Elazığda zəlzələ olacağından qorxuram. Ən çox da övladımın taleyindən narahat idim. Ona bir şey olacağından çox qorxurdum. Elşən də, Çağla da məni sakitləşdirməyə başladılar. Amma sakitləşə bilmirdim ki, bilmirdim. Beləcə qorxduğum başıma gəldi... Yaşadığımız bina yerlə-yeksan oldu. Hə, dağılan tək bizim bina deyil ki. Həyat yoldaşım telefon təmiri ilə məşğuldur. Gecə-gündüz əlləşdi-vuruşdu, borca, kreditə evin bütün əşyalarını ala bildik. Evdən salamat bircə əşya da götürə bilmədik. Bir xeyli də borcumuz var. Amma şükür edirəm ki, sağ qaldıq.

Hələ də zəlzələ stressi ilə yaşayan Arzu Zeynalova, həyat yoldaşı və körpəsi psixoloji sarsıntı içərisindədirlər. Arzu o dəhşətli zəlzələ anını, dağıntılar altında yaşadıqlarını çətin də olsa nəql edə bildi:

- Zəlzələ baş verən an Kumsalı əmizdirirdim. Qəfil əşyalar o yan-bu yana sürüşməyə başladı, gözümün qarşısında ev ikiyə bölündü... Və biz qəfildən zirzəmiyə düşdük. Oğlumu bərk-bərk sinəmə sıxmışdım, dağıntılar altında da ona süd verməyə cəhd edirdim, amma südüm kəsilmişdi... Hər şeydən ümidimi üzmüşdüm ki, birdən Elşənin hənirtisini hiss etdim. Elşən bizi ölümün cəngindən çəkib aldı. Öz gücümüzə dağıntılar altından sağ çıxmağı bacardıq. Amma indi hamımız o qorxudan xilas ola bilmirik. Divarlar üstümə gəlir. Psixoloq müayinəsindən keçsək də, hələlik bir faydası yoxdur.

Zeynalovlar ailəsi hazırda mehmanxanada yaşayır. Zəlzələdən zərərçəkənlərə Türkiyə dövləti tərəfindən müvafiq yardımların edilməsi istiqamətində işlər görülür. Zəlzələdən sonra Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Arzu ilə də görüşüb:

- Cənab nazir ehtiyaclarımızla maraqlandı, nə kimi kömək edə biləcəklərini soruşdu. Ondan yeganə olaraq həyat yoldaşımın Türkiyə vətəndaşlığına qəbul edilməsi ilə bağlı xahiş etdim. Sağ olsun, cənab nazir məsələnin həllində kömək edəcəyinə söz verdi. Elşənin Türkiyə vətəndaşı olmaması zəlzələyə görə veriləcək yardım üçün sənədləşmə işlərini çətinləşdirə bilər. Ümid edirik ki, müraciətimiz müsbət nəticələnəcək. Bununla belə Azərbaycan Kumsalın ata vətənidir. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevə Azərbaycan vətəndaşlarının zəlzələ bölgəsindən təxliyəsi ilə bağlı göstəriş verdiyinə görə təşəkkür edirəm. Sağ olsunlar, Azərbaycan səfirliyindən bizimlə əlaqə yaratdılar, problemlərimizlə maraqlandılar. Əvvəlki həyatımıza qayıtmağımız asan olmayacaq bilirəm, amma ümidimizi də itirmirik...  /APA/