-
- 2-02-2020, 19:03
- 966
Məşhur azərbaycanlı jurnalist Almaniyada öldü
Yanvarın 31-də Azərbaycanın görkəmli jurnalisti, uzun illər “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri işləmiş Mirzə Xəzər uzun sürən xəstəlikdən sonra 73 yaşında Almaniyada vəfat edib.
News24.az-ın məlumatına görə, bu barədə onun dostları məlumat verib.
Mikayılov Mirzə Kərim Oğlu (Mirzə Xəzər) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib.
1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib və İsrailə mühacirət edib. 1976-cı ilin avqust ayında "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına işə götürülüb. 1979-1985-ci illərdə "Azadlıq" radiosu Azərbaycan redaksiyasının redaktor müavini vəzifəsində çalişıb. 1985-ci ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşinqtonda "Amerikanın Səsi" radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsinində işləməyə başlayıb.
1987-ci ilin fevral ayında yenidən Almaniyaya qayıdıb, "Azadlıq" radiosu Azərbaycan redaksiyasının müdiri vəzifəsini icra edib. 2003-cü il sentyabrın 2-dək bu vəzifədə işləyib. Bu illər ərzində müxtəlif ölkələrdə dil və peşə üzrə təhsil məktəblərində oxuyub:
1975-ci ildə İsraildə Təl-Əviv universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında, 1979-cu ildə Nyu York şəhərinin Hüntər köləcində, 1981-ci ildə Böyuk Britaniyanin Folqston şəhərində xüsusi ingilis dili məktəbində, 1986-ci ildə Vaşinqtonda menecərlər üçün ixtisasi artırma kurslarında, 1989-cu ildə isə Boston Universitetində Münxen filialının təşkil etdiyi menecerlik kurslarında oxuyub.
Mühacirət həyatı illərində tərcümələr edib, müxtəlif jurnallar, məcmuələr üçün tədqiqat yazıları hazırlayıb.