Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə MƏLUMAT YAYDI
    • 3-02-2020, 18:26
    • 1 408

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə MƏLUMAT YAYDI

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

News24.az xəbər verir ki, birgə məlumatda deyilir: "İtkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilmişdir.
Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirmişdir.

İlkin məlumata görə mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olmuşdur.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".