Azərbaycanı öz sənəti ilə dünyaya tanıdan nadir şəxsiyyətl - Qara Qarayev - FOTO
    • 5-02-2020, 15:26
    • 1 188

Azərbaycanı öz sənəti ilə dünyaya tanıdan nadir şəxsiyyətl - Qara Qarayev - FOTO

Fevralın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan News24.az-a verilən məlumata əsasən, tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş söhbət açıb. Bildirib ki, bu gün xalqımız öz istedadlı oğlu Qara Qarayevi fərəhlə və qürur hissi ilə anır.

Qeyd edib ki, Qara Qarayev Azərbaycanı dünyaya tanıdan nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında, milli musiqi təfəkkürünün formalaşmasında, Azərbaycan musiqisinin dünya musiqi mədəniyyəti ilə əlaqəli şəkildə inkişafında misilsiz xidmətlər göstərib. Bəstəkarın “İldırımlı yollarla” baletində, “Alban” rapsodiyasında, “Vyetnam” süitasında, “Don Kixot” simfonik lövhələrində, “Leyli və Məcnun” simfonik poemasında, “Ürək mahnısı” kantatasında, “Yeddi gözəl” baletində və bir sıra dram əsərlərində və kino filmlərinə yazdığı musiqilərdə millilik duyulur.
Kərim Tahirov onu da qeyd edib ki, bəstəkarın musiqi əsərləri hələ onun sağlığında ikən dünyanın bir çox ölkəsində ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Rusiya, Polşa, Çexiya, Rumıniyada uğurla səsləndirilib.

O, çıxışında bildirib ki, Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyli və Dmitri Şostokoviç kimi dahi bəstəkarlardan dərs alan Qara Qarayev musiqi mədəniyyətimizin tarixində yeni çığır açıb və onlarla bəstəkarlar yetişdirib.

Sonra tədbir iştirakçıları görkəmli bəstəkarın not-musiqi əsərləri, Azərbaycan və xarici dillərdə haqqında yazılmış kitablar və dövri mətbuat materiallarıdan ibarət “Unudulmaz bəstəkar Qara Qarayev” adlı geniş kitab sərgisi ilə tanış olublar.