“Azərişıq” seçkilərlə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
    • 6-02-2020, 23:49
    • 1 009

“Azərişıq” seçkilərlə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

"Azərişıq” ASC fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

ASC-dən News24.az-a bildirilib ki, “Azərişıq” seçki günü bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, artıq bununla əlaqədar bütün texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb:

“Bütün seçki məntəqələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq”.

“Azərişıq” rəsmisi abunəçilərə də müraciət edərək qarşılaşdıqları qəza və kəsinti ilə bağlı “Çağrı mərkəzi”nə müraciət etmələrini xahiş edib.

"Azərışıq”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi mövcuddur. İstehlakçılarımızdan xahiş edirik ki, qarşılaşdıqları qəza və kəsinti halları ilə əlaqədar həmin çağrı mərkəzi ilə əlaqə saxlasınlar”, - deyə T.Mustafayev əlavə edib.