Məktəb direktoru ilə xadimə arasında nə baş verir? - SEÇKİ QALMAQALI
    • 11-02-2020, 17:56
    • 1 153

Məktəb direktoru ilə xadimə arasında nə baş verir? - SEÇKİ QALMAQALI

“Mən heç kimi təhqir etməmişəm, heç kimi işdən çıxarmaqla təhdid etməmişəm”. 

Bunu News24.az-a açıqlamasında  Salyan rayonu Qaraçala qəsəbə C.Məmmədov adına tam orta məktəbin direktoru İltifiat Məmmədov bildirib.     

Məktəbdə işləyən xadiməyə seçkidə Qarabağ qazisi Kamil Musəviyə dəstək olduğuna görə hədə- qorxu gəldiyi iddia edilən direktor deyilənlərin əsassız olduğunu bildirib: 

“Mən məktəb direktoru olmağımla bərabər, seçki komissiyasının sədriyəm. Yaşım da az deyil. Həyat təcrübəm də yetərli qədərdir. Ağıllı, hamının işinə yarayan adam sizcə, elə bir kəlməni ifadə edə bilər? Haqqımda yayılan videoda deyir ki, xadiməni işdən çıxarmışam. O qadın məndən həmişə razıdı. Bu haqda səs yazısı da var, orda da deyir ki, mən sizdən heç vaxt narazı olmamışam. Seçki kampaniyasında Kamil Musəviyə görə oyun çıxarırdılar. Çünki Kamil Rzayev onun vəkillərindən biri idi. Orda məni təhqir ediblər, haqqımda nalayiq ifadələr işlədiblər. Mən dövlət işçisiyəm, heç kimi təhqir etmərəm. 

İltifat Məmmədov deyir ki, dəfələrlə xadimənin həyat yoldaşı Kamilin ailəsinə maddi yardım göstərib: “Onun yoldaşı hazırda məktəbdə işləyir. Bu söhbətləri yayırlar ki, məni gözdən salsınlar. Mən heç vaxt heç kimi təhqir etmərəm. Bu nömrəmdə “vatsap”ım var, profildəki mənim şəklimdir, görün heç kimisə təhqir edən adama oxşayıram? Mən İbadət edirəm.   

Həmin xanımı- İradə Rzayevanı işə mən götürmüşəm. İcra başçısından xahiş etmişdim ki, köməklik etsin. Amma  Kamil sərxoşluğa meyilli adamdır. Heç yerdə işləmir. Ancaq yoldaşı çox tərbiyəli qadındı. Elə bil öz balamızdı. Kamilin seçki məntəqəsinə təsir göstərməsi üçün belə şərait yaradıblar. Onun özü bilər, Allahı bilər”.

Qeyd edək ki, Kamil Rzayevin iddiasına görə, Qaraçala qəsəbə C.Məmmədov adına tam orta məktəbin direktoru İltfiat Məmmədov onun həyat yoldaşı İradə Rzayevanı seçkilərdə Kamil Məsimovu dəstəklədiyinə görə təhdid edib. O bildirib ki, direktor həyat yoldaşına “Qoy seçki qutarsin, səni içəri basdiracam” deyərək hədələyib. O, “Youtube” vasitəsilə bununla bağlı Təhsil Nazirliyinə müraciət edib. 
 
Afaq Mirayiq