Milli Elmlər Akademiyasında Mikayıl Cabbarovla görüş keçirilib
    • 12-02-2020, 22:27
    • 1 092

Milli Elmlər Akademiyasında Mikayıl Cabbarovla görüş keçirilib

Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkdaşların Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilib.

News24.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək son vaxtlarda akademiyada bir sıra dövlət nümayəndələri ilə görüşlər təşkil olunduğunu, müxtəlif qurumlarla birgə layihələr həyata keçirməyi nəzərdə tutan əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib.

Ramiz Mehdiyev belə görüşlərin təşkilində başlıca məqsədin akademiyanın mövcud potensialını, alimlərimizin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etdirməkdən, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşün qeyd olunan çətinliklərin aradan qaldırılması, yeni əməkdaşlıq körpülərinin salınması baxımından faydalı olacağını, elmi potensialın iqtisadi proseslərə səmərəli şəkildə cəlb edilməsinin yollarını müəyyənləşdirməyə kömək edəcəyinə əminliyini söyləyib.

Sonda akademik Ramiz Mehdiyev görüşdə iştirak etdiyinə görə Mikayıl Cabbarova AMEA-nın kollektivi adından dərin minnətdarlığını bildirib, aparılan müzakirələr nəticəsində əməli tədbirlərin həyata keçiriləcəyinə və müsbət nəticələrin əldə ediləcəyinə əmin olduğunu vurğulayıb.