"Sevgi, ehtiras və sui-qəsd..." - VİDEO - FOTOLAR
    • 13-02-2020, 14:25
    • 1 464

"Sevgi, ehtiras və sui-qəsd..." - VİDEO - FOTOLAR

Ötən gecə Nizami Kino Mərkəzində "Sevgi romanı" adlı bədii filminin qala gecəsi keçirilib. Bir çox tanınmış simaların da iştirak etdiyi təqdimatda ilk olaraq aktyorlar qırmızı xalı üzərindən keçiblər.

News24.az
xəbər verir ki, ekran işinin prodüseri və baş qəhrəmanı Oksana Rəsulovadır. Rəsulova mətbuat nümayəndələrinə bildirib ki, bu, "həm haqqında çox danışılacaq, həm də baxılacaq" bir ekran işidir.

Oksana onu da qeyd edib ki, çəkilişləri yay ayında baş tutan filmdə rəqqas kimi iştirak edən gənclərdən biri dünyasını dəyişib. 

Rəsulova onun barəsində danışarkən kövrəlib: "Filmin çəkilişlərində altı rəqqas gəlmişdi: üç qız və üç oğlan. Bu barədə danışmaq mənim üçün çox çətindir. Həmin o rəqqaslardan biri Hacıyev Cavidi itirdik. Onun qardaşı və anası burada əyləşib. Allah ona rəhmət etsin. Bu filmi onun xatirəsinə həsr edirik".

Filmdə Oksananın tərəf müqabili Şəhriyar Əbilov isə öz növbəsində bunları deyib: "Əsas odur ki, cəmiyyətə faydalı mesaj verək. Buradan Azərbaycan tamaşaçısına çağırış edirik ki, filmlərə gəlin. Kinomuzu inkişaf elətdirək ki, dünyaya çıxa bilək. Bunun üçün də sizin dəstəyiniz lazımdır".

Ekran əsərində həmçinin Xalq artisti Kazım Abdullayev, teleaparıcı Zümrüd Bədəlova, Azər Aydəmir və bir çox aktyorlar çəkiliblər. "Sevgi romanı"nın rejissorları Azər Quliyev, Nicat Muxtarov, ssenaristi isə Azər Aydəmirdir.

Qeyd edək ki, filmdə Cəmilə rolunu oynayan Oksana Rəsulova varlı bir iş adamının qızıdır. O, yalnış sevginin qurbanı olaraq, atasının iş ortağının oğlu Xanlarla (Azər Aydəmir) ailə həyatı qurur. Əslində isə Xanlar Cəmilənin atasının bütün var- dövlətinə sahib olmaq üçün onunla evlənir. Cəmiləyə işgəncə verən həyat yoldaşı onun atasını da öldürür və bununla da Cəmilənin həyatını cəhənnəmə çevirir. Bu əzaba dözməyən Cəmilə evdən qaçmağa qərar verir. Lakin Xanlar buna qəzəblənir və Cəmilənin rəfiqəsi Lalə (Zümrüd Bədəlova) ilə təqibə başlayır. Dünyada tək qaldığını sanan Cəmilənin köməyinə təsadüfən rastlaşdığı Eldar (Şəhriyar Əbilov) çatır. Cəmilə Eldarın bu fədakarlığna valeh olur. Tədricən onların münasibəti sevgiyə çevrilir. Lakin sonradan məlum olur ki, ona dəstək əlini uzadan Eldar ona qarşı qurulan böyük planın bir üzvü imiş.

Sevda Bayramova