-
- 16-02-2020, 12:04
- 1 494
Yaponiyada yeni koronavirusa yoluxanların sayı 410 nəfərə çatıb
Yaponiyada yeni COVID-19 koronavirus infeksiyasına yoluxanların sayı 410 nəfərə çatıb. Yokohama limanında karantində saxlanılan “Diamond Princess” kruiz laynerində daha 70 nəfərin yeni koronavirusa yoluxduğu müəyyən edilib.
News24.az xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, əmək və sosial təminat naziri Kato Katsunobu məlumat verib.
NHK telekanalının bazar günü proqramında çıxış edən nazir qeyd edib ki, kruiz laynerində sərnişinlər və heyət üzvləri arasında yoluxanların ümumi sayı 355 nəfərə çatıb.
Bu ərəfədə, fevralın 14-də gəmidəki yaşı 80-dən çox olan və yeni koronavirusa yoluxduğu dəqiqləşmiş təqribən 10 sərnişin gəmidən xəstəxanaya aparılıb. Bundan əlavə, ABŞ-ın Yaponiyadakı səfirliyi gəmidəki vətəndaşlarının çarter reysi ilə ölkəyə qaytarılacağını elan edib. Bazar günü Tokioya gələn həmin reyslər ertəsi gün Yaponiyanı tərk edəcək. Eyni zamanda, İsrail də gəmidəki vətəndaşlarını ölkəyə qaytaracağını bildirib.
Bununla yanaşı, Tokio rəsmiləri gəmi ilə əlaqəsi olmayan daha 8 nəfərin yeni koronavirusa yoluxduğunu bəyan ediblər. Onların əksəriyyətinin yeni koronavirus daşıyıcısı olan taksi sürücüsü ilə əlaqədə olduğu güman edilir.
Yaponiyanın koronavirusla əlaqədar yeni mərhələyə keçdiyini qeyd edən nazir bildirib ki, bu mərhələdə həmin virusa yoluxmaların mənbəyi məlum deyil. Hökumət fevralın 16-da epidemiya üzrə mütəxəssisləri toplayaraq, yeni koronavirusun yayılmasına qarşı mübarizə yollarını müzakirə edəcək.