Türkiyə KİV-ləri İlham Əliyevin Paşinyanı çətin vəziyyətə salmasından yazdı Fotolar
    • 16-02-2020, 17:00
    • 888

Türkiyə KİV-ləri İlham Əliyevin Paşinyanı çətin vəziyyətə salmasından yazdı Fotolar

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri (KİV) tərəfindən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə keçirilən müzakirələr geniş işıqlandırılıb.

News24.az xəbər verir ki, Anadolu Agentliyi, “Milliyet” və “Sabah” qəzetləri, “NTV” televiziya kanalı və digər nüfuzlu KİV-lərin rəsmi saytlarında yer alan məlumatlarda dövlətimizin başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı N.Paşinyanı fakt qarşısında qoyan fikir və mülahizələri türkdilli oxuculara çatdırılıb.

Prezident İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir”, -fikri məlumatlarda əksini tapıb.

Həmçinin KİV Prezident İlham Əliyevin sadaladığı təcavüzkar Ermənistanın işğalçılıq siyasətini ifşa edən digər faktlardan - Azərbaycan ərazisinin iyirmi faizinin işğalda saxlanılması, bir milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşməsi, Xocalı soyqırımı və s. bəhs edib.

Türkiyə KİV-ləri Paşinyanın Prezident İlham Əliyev qarşısında çətin vəziyyətdə qaldığını qeyd edir.
Məlumatlarda, həmçinin Ermənistan baş nazirinin ziddiyyətli, bir-birini təkzib edən ifadələrinə də yer verilib. Bura, baş nazirin işğal olunmuş ərazilərimizdə Ermənistanın yox, Dağlıq Qarabağ ordusunun mövcud olması, lakin onun oğlunun bu bölgədə hərbi xidmət keçməsi barədə fikirləri də daxildir. (AzərTAc)