Fateh və Kənan üzr istədilər:
    • 19-02-2020, 11:29
    • 1 241

Fateh və Kənan üzr istədilər: "BİZİM NƏ HƏDDİMİZƏ..."

İTV-də yayımlanan "Fatehin divanı" proqramının son buraxılışında səslənən bəzi fikirlər cəmiyyətdə qıcıq doğurub. Verilişin aparıcısı DJ Fateh qonaqlarına "Sizcə, Adəm və Həvva cənnətdən hansı mahnıyla qovulublar" sualını verərək məsxərə edib. Proqramda qonaq qismində iştirak edən videoblogger Kənan Yusifov suala "yəqin "Ay canı yanmış"la" deyə cavab verib. Daha sonra Dj Fateh öz sualına "Almanı dərdin, daha bağda qalma" deyə cavab verərək mövzunu daha artıq gülüş hədəfinə çevirib.

News24.az xəbər verir ki, verilişdə səslənən bu zarafat sosial şəbəkələrdə ciddi tənqid olunub. Daha sonra həmin görüntülər İTV-nin rəsmi "Facebook" hesabından silinib. Aparıcı və qonaqlar dedikləri fikirlərə görə izləyicilərdən isə üzr istəyiblər: "Dostlar! Etiraf edirəm, "Fatehin divanı" verilişində söylədiyim bir ehtiyatsız ifadə inanclı izləyicilərim və mömin tamaşaçılarımız tərəfindən çox həssas qarşılanıb. Onların hisslərinə toxunmaq niyyətim olmasa da, bunu etmiş olmuşam. Özüm azmış kimi, verilişimin qonaqlarını da o uğursuz epizodun bir hissəsinə çevirmişəm. Amma təşəbbüsü özüm irəli sürdüyüm üçün məsuliyyəti də üzərimə götürsəm, düzgündür. Bir daha qeyd edirəm ki, sözügedən epizodun niyyəti məkrli olmayıb. Çox üzülürəm ki, belə alınıb. Bu uğursuz epizoda görə, hisslərinə toxunduğum hər kəsdən üzr istəyirəm".

Verilişdə qonaq qismində iştirak edən Kənan Yusifov da üzr istəyib: "Hazırda çox pis bir situasiyanın içindəyəm və əslində olmadığım insan kimi tanınıram. Bu yaxınlarda verilişlərin birində bir epizod nümayış olunub bu da inanclı, mömin insanların hisslərinə toxunub. Burdan onlardan üzr istəyib demək istəyirəm ki, o zarafat planlaşdırılmış şəkildə səslənməyib. Bizim nə həddəmizə dinli insanları aşağılayaq, şəxsən mən hər zaman belə şeylərin ələyhinə olmuşam. Bu ehtiyatsızlıq və ani düşüncəsizlikdən olub".

Sevda Bayramova