Bakı metrosunun 26-cı stansiyası istifadəyə veriləcək- BU İL
    • 27-02-2020, 12:30
    • 670

Bakı metrosunun 26-cı stansiyası istifadəyə veriləcək- BU İL

Bu il Bənövşəyi xəttin üçüncü, ümumilikdə "Bakı Metropoliteni"nin isə 26-cı stansiyası şəhər sakinlərinə təqdim olunacaq.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildiriblər.

Məlumata görə, yeni stansiyanın və yeni xəttin deposunun birinci mərhələsinin istifadəyə verilməsi isə qarşıdakı dövrə xüsusi önəm verəcək:
"2020-ci il “Bakı Metropoliteni” QSC-nin 6 il əvvəl başlamış böyük tərəqqi, iqtisadi-sosial inkişaf yolunun davamı olacaq. Rabitə və işarəvermə qurğularında da mütərəqqi ideyaların tətbiqi, hərəkətin idarə olunması, stansiyaların işinin təşkili sahəsində dövrün son elmi nailiyyətlərindən biri olan SCADA, onun tərkib hissəsi CBTC və TETRA rabitə sisteminə keçid üzrə işlər nəzərdə tutulan tədbirlər ardıcıllığına görə bu gün də davam etdirilir. Bu sistem stansiyadakı bütün prosesləri vahid mərkəzdən idarə etmək imkanına malikdir. CBTC isə qatarların hərəkətini radiosiqnallar vasitəsilə tənzimləyəcək. Bu da əvvəlki sistemlərlə müqayisədə daha etibarlıdır. Yeni sistemin işə düşməsilə yolun üst quruluşu elementlərinin, rels dövrəsi və svetoforların xeyli hissəsi ixtisar olunacaq ki, bu da iqtisadi böyük səmərə deməkdir. Bu mənada mövcud xətlərdə də inqilabi yeniliyin ilk addımları 2020-ci ildə atılacaq. “Nərimanov” elektrik deposunda 2017-ci ildə başlanmış layihə ilə ox sayğacı bazasında mikroprosessor sisteminin quraşdırılması yekunlaşacaq və bu gələcəkdə hərəkətin intensivləşdirilməsi, ən müasir idarəetmə sistemlərinə keçidin birinci mühüm mərhələsidir. Bu işlər növbəti mühüm mərhələ - “Elmlər Akademiyası” stansiyasında qurulmasına başlanılacaq yeni dispetçer mərkəzlərinin yaradılması ilə davam edəcək". /Trend/