Bakı Metropolitenində Bənövşəyi xəttlə bağlı tədbir
    • 13-04-2019, 13:11
    • 901

Bakı Metropolitenində Bənövşəyi xəttlə bağlı tədbir

Bu gün Fransanın “Thales” şirkətinin Bakı Metropoliteninin Bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərinin təqdimetmə mərasimi keçirilib.

News24.az
-ın xəbərinə görə, Bakı Metropolitenində tətbiq edilən yeni sitemlərlə bağlı təqdimatı “Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski aparıblar.

Təqdimat əsnasında "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov və baş mühəndis Fəxrəddin Əmirov yeni və mövcud sistemlərin müqayisəli təhlilini veriblər. Həmçinin “Thales”in Toronto və İstanbul mərkəzlərində təlim keçmiş mütəxəssislər - Rüfət Səmədov, Şahin Vəliyev, Rüstəm Məhərrəmov, Taleh Məmmədov və Nadir Osmanov əldə etdikləri təcrübə, apardıqları müşahidələr əsasında yeni sistemlərin üstünlüklərindən bəhs ediblər. Təqdimatda bildirilib ki, hazırda xətlərinin sayı 3, stansiyalarının sayı 25, xətlərinin uzunluğu 36,6 km olan Bakı Metropoliteni uzunluğu 119,1 km-ə çatan və 76 stansiyanı əhatə edən 5 xətdən ibarət şəbəkəyə çevriləcək. Müstəqillik dövründə istifadəyə verilən ilk xətdə və onun fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlər tətbiq olunur və bu proses davamlı olaraq inkişaf etdirilir. M.Şahan isə Bakı Metropolitenində tətbiq ediləcək yeniliklərdən bəhs edərkən bildirib ki, sistemin mərhələlərlə quraşdırılması Bənövşəyi xəttin istismara verildiyi dövrdə başlanılıb. Gələcəkdə isə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək: “Hazırda Bənövşəyi xətdə "Thales" şirkətinin 4 sistemi quraşdırılır. Bunlar qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, Bənövşəyi xətdə başlayan, lakin gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən "Tetra" radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlardır. Artıq mikroprosessor idarəetməsi və "Tetra" rabitə sistemi xətdə fəaliyyət göstərir. Bakı Metropoliteninin mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkətini SAT-ALİ (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir. Lakin texnoloji inkişafın son məhsulu sayılan CBTC və yaxud qatarların radiodalğalarla idarə edilməsi sistemləri Bənövşəyi xətdən başlamaqla Bakı Metropolitenində tam fərqli eranın əvvəli olacaq. Bununla qatarların hərəkət təhlükəsizliyi ən yüksək həddə çatdırılacaq, avadanlıq və qurğuların, eləcə də qatarlar arasında intervalların azalmasına, elektrik enerjisinə qənaət olunmasına, qatarların hərəkət sürətinin artmasına, onların daha rəvan sürət yığıb dayanmasına və digər əsaslı təsirləri də nəzərə almaqla sərnişinlərin rahatlığının artırılmasına nail olunacaq”.