"Tələb olunan kriteriyalardan biri olmazsa, hotel təsnifatlaşdırılmayacaq" - Rəşad Niyazov
    • 27-02-2020, 13:26
    • 956

"Tələb olunan kriteriyalardan biri olmazsa, hotel təsnifatlaşdırılmayacaq" - Rəşad Niyazov

"Hər hotel kriteriyalar kataloquna uyğun olaraq bal sistemi əsasında təsnifatlaşdırılacaq. Bu zaman ulduz kateqoriyası nə qədər yüksək olarsa, tələblər də bir o qədər yüksək olacaq". 

News24.az xəbər verir ki, bunu Azərbaycan Hotellər Assosiasiyasının ulduz təsnifatı üzrə meneceri Rəşad Niyazov bildirib. 

Onun sözlərinə görə, hər bir kateqoriya üçün məcburi minimum kriteriyalardan əlavə digər meyarlar da mövcuddur: "Hotel sahibkarı istədiyi ulduz kateqoriyası üçün lazım olan balları əldə etmək məqsədilə bu kriteriyaların hansının tələblərinə cavab verməyi seçməkdə azaddır. Bu, sahibkara, qonaqlarına istədiyi əlavə xidmətləri təklif etmək üçün azadlıq verir". 

R.Niyazov onu da əlavə edib ki, hotel 1 ulduz almaq üçün minimum 40,
2 ulduz almaq üçün 54, 3 ulduz almaq üçün 78, 4 ulduz almaq üçün 95, 

5 ulduz almaq üçün 114 bal toplamalıdır: "4 və 5 ulduzlu hotellər üçün otaqlarda regional məlumat materialları da yerləşdirilməlidir. Bu hotellərdə qeydiyyat zamanı qonaq daxili cihazlardan( seyf, kondisioner və s.) istifadə imkanları barədə açıq şəkildə məlumatlandırılmalıdır. Bu xidmət mehmanxana haqqında informasiya qovluğuna daxil edilməlidir. Tələb olunan kriteriyalardan biri olmazsa, hotel təsnifatlaşdırılmayacaq". 

R.Niyazovunun sözlərinə görə, hotellərə verilən sertifikat 3 il qüvvədə olacaq: "Sertifikatın qüvvədə olduğu 3 il ərzində qonaq rəyləri "trustyou" proqramı vasitəsilə izləniləcək və müştəri məmnunluğu səviyyəsi müəyyən ediləcək.Müştəri məmnunluğu endikdə hotelə xəbərdarlıq ediləcək. Ulduzlaşma ilkin mərhələdə könüllü aparılacaq".

Menecer onu da deyib ki, Azərbaycan Hotellər Assosasiyasının hazırda 80 üzvü var və ilkin olaraq həmin üzvlər üçün ulduzlaşma aparılacaq: "Assosasiyanın üzvü olan hotellərin yarıdan çoxu Bakıda yerləşir, onların müxtəlif ulduzları var. Bu hotellər arasında 3 ulduzlu hotellər də var. 
Ulduzlaşma üçün sənəd qəbulu üçün müraciət etdikdən sonra ulduzlaşma üçün tarix təyin edilir. Ulduzlaşma ilə bağlı müraciət edən hotel 3-4 saat ərzində yoxlanılacaq, daha sonra isə nəticələr müzakirə üçün müstəqil ekspertlərdın ibarət olan Qiymətlındirmə və Qərəzsizlik Komissiyasına təqdim olunacaq".

Afaq Mirayiq