Almaniya koronavirus səbəbindən 12 azərbaycanlını deportasiya edə bilmədi - FOTO
    • 4-03-2020, 09:51
    • 793

Almaniya koronavirus səbəbindən 12 azərbaycanlını deportasiya edə bilmədi - FOTO

Almaniyanın Daxili İşlər Nazirliyi ilə Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) 12 Azərbaycan vətəndaşı ilə bağlı məhkəmə qərarını icra edə bilməyib.

News24.az xəbər verir ki, fevralın 28-də Almaniyanın paytaxtı Berlindəki qaçqın yataqxanasında saxlanılan 12 azərbaycanlı sığınacaq axtaran barəsində “Dublin anlaşması”na əsasən İtaliyaya göndərilməsi ilə bağlı qərar icra edilməli idi.

Paytaxtdakı deportasiya mərkəzində saxlanılan Azərbaycan vətəndaşları gecə saat 3 radələrində avtobusa mindirilərək hava limanına aparılıblar. Təxminən iki saat gözləyəndən sonra həmvətənlərimizə təyyarə reysinin ləğv olunduğu elan olunub.

Səbəb kimi isə BAMF-la İtaliyanın Miqrasiya İdarəsinin koronavirusa görə sığınacaq axtaranların göndərilməsinin qeyri-müəyyən vaxta dayandırılması ilə bağlı anlaşma göstərilib.

İtaliya hökumətinin indiyə kimi açıqladığı rəsmi rəqəmlərə görə, ölkədə 2 263 nəfər koronavirusa yoluxub. Onlardan 79-u dünyasını dəyişib. Yunanıstandan sonra İtaliya da qaçqın və miqrant qəbulunu bir ay dayandırdığını elan edib. /Report.az/