Ölkədaxili turizm kampaniyası ictimaiyyətə TƏQDİM OLUNDU
    • 11-03-2020, 11:37
    • 725

Ölkədaxili turizm kampaniyası ictimaiyyətə TƏQDİM OLUNDU

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ictimaiyyətə ölkədaxili turizm kampaniyası təqdim olunub. 

News24.az xəbər verir ki, “Macəra Yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü ilə yaradılmış kampaniya Azərbaycan Respublikası vətəndaşları və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan fiziki şəxslər arasında ölkədaxili turizmin inkişaf etdirilməsinə yönəlib.
Belə ki, www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdiriləcək. Kampaniyaya çərçivəsində bütün yerli şirkətlər əməkdaşlığa dəvət olunurlar.

Ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq kampaniya ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcəkdir. 

Tədbir çərçivəsində, həmçinin xarici turistlər üçün nəzərdə tutulmuş, bir çox funksiyanı özündə cəmləşdirən, turistlərə müxtəlif seçimlər təklif edən “azerbaijan.travel” saytının təkmilləşdirilmiş və yenilənmiş versiyasının təqdimatı keçirilib. Yeni sayt turistlərə ölkənin turizm potensialı haqqında yetərincə məlumat vermələ yanaşı, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edərək çoxçeşidli imkanlar tanıyır. 

Eyni zamanda Azərbaycanın turizm potensialından bəhs edən xarici auditoriya üçün nəzərdə tutulmuş “Experience Azerbaijan” jurnalının ikinci nüsxəsi ictimaiyyətə təqdim edilib.

Tədbir çərçivəsində DTA və ATB-nin rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.

Afaq Mirayiq