Birinci yeri Azərbaycana qazandıran Nigar: “Bir qan açıldı, üzüm keyidi”
    • 16-09-2018, 13:40
    • 1 647

Birinci yeri Azərbaycana qazandıran Nigar: “Bir qan açıldı, üzüm keyidi”

 Bildiyiniz kimi, cari il 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumunda Azərbaycan yüksək səviyyədə təmsil olunub.

Qeyd edək ki, Forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.

 Azərbaycanı bu il Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən beynəlxalq makom müsabiqəsində əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu təmsil edib. Xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, qanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər. Azərbaycandan “Heyratı” qrupunun solisti Nigar Şabanova I yerə layiq görülüb. Əməkdar artist Nigar xanım təəssüratlarını @xeberchi.az ilə bölüşüb: “Festival həyəcanı başqa şey imiş. Əməkdar artist adı alanda heç ağlamamışdım, sadəcə donmuşdum. Amma burada o qədər ağladım ki ... Elə stress keçirtdim, izah edə bilmərəm. Birinci yer Azərbaycan - Nigar Şabanova deyəndə mənim qışqıra-qışqıra səhnəyə qaçmağımı kaş görərdiniz. Sonra otelə gəldik, damağımdan bir qan açıldı, üzümün sağ tərəfi keyidi, üzüm yığıldı, qulağım tutuldu. Onu yaşamaq lazım, həyəcandan əsirdim. Nə xoşbəxt mənə ki, Vətənimə laiq onu təmsil edə bildim. Sahib müəllim də çoxsağolsun. Şəxsən mənimçün düşünürəm ki, bundan artıq status yoxdu. Oskar verilən səhnədə belə qalib olmuşdum. İndi idmançılarımızı anlayıram. Əməkdar artist adı alanda çoxu şübhə etmişdi, indi ağızları bağlandı. Mən Şahnaz muğamını oxuyanda ərəb münsif başına-başına vururdu. Sonra məni bağrına basıb, ağladı. Bu qədər uğuru KİV yəqin laiqincə işıqlandırar. Azərbaycana başıdik, üzüağ qayıdacam”.