Bura gələn hər kəsin hərarətini termokameralar müəyyənləşdirəcək - VİDEOREPORTAJ - FOTOLAR
    • 16-03-2020, 20:46
    • 1 764

Bura gələn hər kəsin hərarətini termokameralar müəyyənləşdirəcək - VİDEOREPORTAJ - FOTOLAR

"Hərarətiniz yüksəkdir. Sizi karantinə almağa məcburuq".

News24.az xəbər verir ki, "Park Bulvar" Ticarət Mərkəzinə gələn insanların bir çoxu girişdə bu sözü eşidəcəyindən ehtiyatlanır. Çünki bu gündən etibarən sözügedən məkanda insanların hərarətini yoxlayan termokameralar quraşdırılıb. Əgər, məkana gələnlərin hansındasa termokamera yüksək hərarət olduğunu göstərərsə, dərhal lazımı yerlərə müraciət olunur.

Hər zaman insan izdihamı yaşanan alış-veriş mərkəzlərinə süküt hiss olunur. İstər əyləncə mərkəzlərində, istər marketlərdə, istərsə də restoranlarda çox az sayda insana rast gəlirik. "Park Bulvar" AVM də, Nazirlər Kabinetinin məlum qərarına əsasən, səhər saatlarından axşam 9-a dək fəaliyyət göstərir. Bu məkandakı bütün işçilər tibbi maskalardan istifadə edirlər. Alış-veriş mərkəzinin içərisində dezinfeksiyaedici aparatlar quraşdırılıb. Ticarət mərkəzində dolaşanlar tez-tez bu aparatlar vasitəsilə əllərini spirtlə dezinfeksiya edirlər. Eyni zamanda mərkəzin 4 girişinə  insanların hərarətini ölçən termokameralar quraşdırılıb.

Qurumun mətbuat katibi Günay Novruzqızı bildirib ki, sözügedən aparatlar bu gün qoyulub və hələ ki, səhhətində problem olan kimsə aşkarlanmayıb: "Əsas məqsəd əhalinin, şəhərimizin qonaqlarının sağlamlığını qorumaqdır. Qabaqlayıcı tədbirlərlə biz də qoşulmuşuq, dəstəkləyirik. Artıq bir neçə dəfə ciddi dezinfeksiya işləri görülüb və hər gün gigiyenik prosedurlar həyata keçirilir. Bütün işçilər tibbi maskalardadırlar . Bununla yanaşı, restoranlarda masaların məsafəsində dəyişiklik olub. Belə ki, onların arası 1,5-2 metrədək genişləndirilib".

Günay Novruzqızı söhbət əsnasında ümumilikdə bütün AVM-lərin bağlanmasına də münasibət bildirib: "Hələ ki, bu haqda məlumat yoxdur, amma, əgər dövlət tərəfindən bu qərar qəbul edilərsə, biz də buna əməl edəcəyik. Çünki hər kəs qabaqlayıcı tədbirlərə dəstək olmalıdır və insanların sağlamlığını qorumalıdır. Çünki bu dünyamiqyaslı problemdir".

Qeyd edək ki, martın 14-dən etibarən ölkəmizdə  xüsusi rejim tətbiq olunur.

Sevda Bayramova