Musiqi xadimlərinin təltif olunması mərasimi keçirilib
    • 18-09-2018, 11:36
    • 879

Musiqi xadimlərinin təltif olunması mərasimi keçirilib

Ötən gün Beynəlxalq Muğam Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş musiqi xadimlərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Vurğulayıb ki, mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir.

Bu gün mədəniyyət işçilərinə göstərilən diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir.

Qeyd edilib ki, fəxri adların Cümhuriyyətin 100 illiyi ərəfəsində verilməsi xüsusilə əlamətdardır: “Azərbaycan xalqı çox istedadlı xalqdır. Xalqımız mədəniyyətimizin müxtəlif sahələrində böyük sənətkarlar, dahilər yetişdirib. Bu istedadlı insanlar bu gün də yetişir. Onlar bizim mədəniyyətimizi, musiqimizi yaşadır, təbliğ edir, tanıdırlar. Dövlətimiz də onların əməyini həmişə yüksək qiymətləndirir, onları dəyərləndirir”.

Nazir vurğulayıb ki, mədəniyyətimiz, o cümlədən musiqi sənətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir.

Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.

Nazir qeyd edib ki, təqdimat mərasiminin 18 sentyabr – Milli musiqi günü ərəfəsində keçirilməsi ikiqat bayram ovqatı yaradır.

Sonra təltiflər sahiblərinə təqdim olunub.

Xalq artisti Teymur Göyçayevə “Şöhrət” ordeni təqdim olunub.

Xalq artisti və Əməkdar artist adına layiq görülmüş musiqiçilər fəxri adların vəsiqələri və nişanları təqdim edilib.

Mərasimdə çıxış edən “Şöhrət” ordenli Xalq artisti Teymur Göyçayev, Xalq artisti adına layiq görülmüş Murad Dadaşov və digər təltif edilənlər bu günün onlar üçün əsl bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıq ifadə olunub.

Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.