Azərbaycanda 9 nəfər spirtdən ZƏHƏRLƏNİB - 4 NƏFƏR ÖLDÜ
    • 2-04-2020, 10:55
    • 1 164

Azərbaycanda 9 nəfər spirtdən ZƏHƏRLƏNİB - 4 NƏFƏR ÖLDÜ

Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib, onlardan 4 nəfəri ölüb.

Bu barədə News24.az-a  Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara çağırış edərək bildirib ki, apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur.

"Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəli və yolverilməzdir. Çünki satışda olan və dezinfeksiya məqsədilə istifadə edilən, tərkibində bir atomlu spirtlər qrupundan etil spirti olan məhlullarda müvafiq farmakopeya məqalələrinin tələblərinə əsasən metil spirtinin – metanolun maksimum 200mkq/ml-ə qədər mövcud olması mümkündür. Metanolun daxilə qəbulu təhlükəlidir, belə ki, 5-10 ml ağır zəhərlənmə və korluq törətməyə qadirdir, 30 ml isə ölümcül ola bilər. Zəhərlənmə baş veribsə, intoksikasiya, ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlarla aşkar edilir. Bu cür zəhərlənmə insanın vəziyyətinin pisləşməsi ilə - sianoz (dərinin və selikli qişaların göyərməsi), nəfəs darlığı, genişlənmiş göz bəbəkləri, konvulsiyalar və tənəffüs çatışmazlığından ölümə səbəb ola bilər. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq!”, - deyə məlumatda qeyd olunub.