“Tərəvəzləri sabunlayır, meyvələri spirtləyirəm”- insanlar təşvişdə- BƏS, EKSPERTLƏR NƏ DEYİR?
    • 13-04-2020, 18:26
    • 908

“Tərəvəzləri sabunlayır, meyvələri spirtləyirəm”- insanlar təşvişdə- BƏS, EKSPERTLƏR NƏ DEYİR?

“Meyvələri alıb evə gətirən kimi qabyuyan şampunla yuyuram. "Koronavirus var" deyəndən belə edirəm”
Bu, Sima Çələbiyevadır. O, ərazqların üstündə virus olacağından ehtiyat edir. 


Bu isə Firuzədir. O deyir ki, aldığı pomidorları sabunla yuyur: “Bəzən ürəyim dözmür, meyvələri də spirtləyirəm”.
Bu cavablar News24.az-ın alış -veriş edən insanlar arasında apardığı ekspress -sorğu zamanı məlum olub. Sorğu zamanı o da aydın olub ki, insanların əksəriyyəti marketlərdə satılan ərzaqlarda koronavirus təhlükəsindən şübhəlidirlər. Çünki mağazaların əksəriyytəində təhlükəsizlik qaydalarına əməl edilmir. 


Baxmayaraq ki, iri marketlərdə dezinfeksiyaedici vasitələr təklif edilir, kiçik mağazaların əksəriyyətində bunu görmürük. Karantin rejimi elan olunduqdan sonra isə yalnız yaxın ərazidən alış-veriş edilməsi qərara alınıb. Buna görə də insanlar evlərinə yaxın kiçik dükanlardan ərzaq almalı olurlar. Belə mağazalarda isə insanların yoxlandığını, spirt və ya digər dezinfeksiyaedici vasitə ilə təmin olunduğunu müşahidə etməmişik. Bu kimi ərzaq dükanlarında çörək və digər un məmulatlarının da açıq şəkildə satışa çıxarılığı müşahidə olunur. Bəs, insanlar özünü necə qorumalı, həqiqətən də alınan ərzaqları xüsusi olaraq dezinfeksiya etmək lazımdırmı? 

Alış-veriş edərkən diqqət etməli məqamlar

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Ramazan Nəbiyevlə danışdıq. O, News24.az-a bildirdi ki, Agentlik tərəfindən ərzaq ticarəti ilə məşğul olan müəss
isələrdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər hazırlanaraq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub: “Bu metodiki göstərişlərdə həm müəssisənin sahibləri, həm ordan alış-veriş edən istehlakçılar üçün məlumatlar öz əksini tapıb. İstehlakçılar bu dövrdə alış-veriş edərkən müəyyən məqamlara diqqət etməlidirlər. Bunlardan biri açıq şəkildə satılan meyvə və tərəvəzlərlə bağlıdır. Meyvə-tərəvəzləri alıb evə gətirdikdən sonra  yaxşı yuyub, durulayıb sonra istifadə etmək lazımdır. Sərt qabıqlı meyvələri fırça və ya əl ilə ilıq axar su altında yumaq lazımdır. Göyərtiləri isə duzlu, sirkəli suda 15 dəqiqə saxladıqdan sonra bol su ilə yumaq lazımdır. 

Digər məsələ germetik qablaşdırılan məhsullarla bağlıdır.  Belə məhsulları satın aldıqdan sonra (şüşə, plastik, metal qablaşdırma materialları ilə içərisinə su keçirilməyən məhsullar) sabunlu su ilə yuyub duruladıqdan sonra soyuducuya yerləşdirə bilərsiniz”.   

Çörək belə satılırsa, onu almayın...

Sektor müdirinin sözlərinə görə, digər vacib məsələ açıq şəkildə satılan və istehlakdan öncə heç bir termiki və təmizlik prosesinə məruz qalmayan məhsullarla bağlıdır: “Çörək- bulka, qənnadı məmulatlar, şirniyyatlar, quru meyvələr alıcılardan təcrid olunan qapalı vitrinlər arxasında saxlanmalıdır. Həmin məhsullar istehlakçılara xüsusi gigiyenik vasitələrlə təmin edilmiş əməkdaşlar tərəfindən təqdim edilməlidir. Əgər insanlar  bu məhsulların satışı ilə bağlı qeyd edilənlərə əməl edilmədiyini görərlərsə, belə məhsulları qətiyyən alıb evə gətirməməlidirlər”. 

Meyvələri şampunla yusaq...

Azərbaycanın baş infeksionisti Cəlal İsayev News24.az-a bildirib ki, meyvə-tərəvəzləri şampunla və ya sabunla yumaq düzgün deyil: “O yuyucu vasitələrin  özündə olan toksiki faktorlar insana keçsə, nə qədər zərərlidir. Adi axar su ilə təmiz-təmiz yusaq kifayət edir. Düzdür, vuris  meyvənin üstündə ola bilər, amma su ilə yuyulsa gedər. Onda belə çıxır ki, göyərtini də şampunla yumalıyıq? Olmaz axı”.

Afaq Mirayiq