"Bu cür ünsiyyət qurmaq çox qeyri-adidir" - Prezident İlham Əliyev
    • 15-04-2020, 18:18
    • 800

"Bu cür ünsiyyət qurmaq çox qeyri-adidir" - Prezident İlham Əliyev

Aprelin 15-də Gürcüstan tərəfinin təşəbbüsü ilə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar.

News24.az
 xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Prezident Salome Zurabişvili:
-Cənab Prezident, mən Sizinlə belə çətin bir zamanda deyil, daha yaxşı vaxtlarda söhbət etmək istərdim. Ümidvaram ki, şəxsən Siz, ailəniz, əməkdaşlarınız - hamınız yaxşısınız. Ümid edirəm ki, biz bu çətin şəraitdə əməkdaşlığımızı mümkün olan qədər tez bir zamanda davam etdirəcəyik.

Prezident İlham Əliyev:
- Təşəkkür edirəm, xanım Prezident. Sizi görməyə çox şadam. Əlbəttə ki, bu cür ünsiyyət qurmaq çox qeyri-adidir. Lakin bu, zamanın özəlliyidir. İndi bizə bir-birimizi görməyə və bir-birimizlə söhbət etməyə imkan verən yeni texnologiyaların olması çox yaxşı bir haldır. Əməkdaşlığınıza görə Sizə təşəkkür edirəm. Mən ölkəmizə Sizin çox uğurlu rəsmi səfərinizi xatırlayıram.
Gürcüstan Prezidenti dünən Gürcüstana göstərilən həmrəyliyin ifadəsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev hər zaman olduğu kimi koronavirus pandemiyası şəraitində də ölkələrimiz və xalqlarımızın bir-birinin yanında olaraq həmrəylik nümayiş etdirməsinin önəmini bildirdi. Dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən təbdirlər və bu istiqamətdə görüləcək işlər ətrafında fikir mübadiləsi apardılar.
Söhbət zamanı Azərbaycanla Gürcüstanın beynəlxalq tranzit dəhlizinin önəmli iştirakçıları olduğu bildirilərək, ticarət əlaqələrinin, tranzit-nəqliyyat sahəsində işlərin davam etdirilməsinin vacibliyi vurğulandı.

Dövlət başçıları iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində gələcək əməkdaşlığın perspektivlərini də müzakirə etdilər.