Bağ evində öldürüb meyiti torbalara yığdı MƏHKƏMƏ
    • 23-04-2020, 10:40
    • 827

Bağ evində öldürüb meyiti torbalara yığdı MƏHKƏMƏ

Qəsdən adam öldürmə və digər cinayətlərdə təqsirləndirilən Fuad Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İlham Mahmudovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü açılıb.

Tamara Rəsulovanın, oğlu Əli Rəsulovun itkin düşməsini bildirməklə tapılmasında ona köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb.

Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşib.

2019-cu ilin aprel ayında Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib. /Report/