"Bu, bizim büdcəmiz üçün böyük yükdür” - DÖVLƏT BAŞÇISI
    • 28-04-2020, 21:30
    • 673

"Bu, bizim büdcəmiz üçün böyük yükdür” - DÖVLƏT BAŞÇISI

"Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib.

Azərbaycan Prezidenti deyib: 
"Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür. Eyni zamanda, bu il biz ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırmışıq. Burada minimal əməkhaqqı verilir və adətən bu, dövlət sektoruna aid olan iş yerləridir. Bu il belə iş yerlərinin sayı 90 min olacaqdır. Biz sosial yardım alan vətəndaşların da sayını artırmışıq. Hər bir belə ailəyə ayda 222 manat ödənilir və onların sayı 80 minə çatmışdır. Bununla yanaşı, 12 min insan üçün, - burada da 70 faiz artım var,- özünüməşğulluq imkanları yaradılıb.

Beləliklə, bu, qeyd etdiyim mənfi təsirə məruz qalmış sahələrdə çalışan, habelə işlərini itirmiş vətəndaşlarımıza təqdim edilmiş iqtisadi və sosial paket haqqında məlumatdır".